Aprelin 25-də Şamaxı şəhəri 2 saylı ümumtəhsil məktəbində Olimpiadanın on dördüncü turu keçirilib. Turda respublikanın İsmayıllı rayonundan 7-9-cu sinif şagirdləri iştirak ediblər.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin və Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Şamaxı Rayon Təhsil Şöbəsinin müfəttişi İsa Səlimov, Şamaxı Şəhər Təhsil Şöbəsinin metodisti Nişanə Eyyubova, məktəbin direktoru İsgəndər Həsənov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Olimpiada iştirakçılarını salamlayıblar.
Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova musiqi nömrələri ilə tamaşaçıları sevindirib.
Bu ilin aprel-iyun aylarında Bakı, Gəncə, Sumqayıt şəhərləri və Azərbaycanın rayonlarında Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 7-9-cu sinif şagirdləri arasında inşa yazısı şəklində Olimpiadanın II mərhələsi keçiriləcək. Olimpiada çərçivəsində ümumtəhsil müəssisələrinə səfərlər də daxil olmaqla, Azərbaycan Respublikasının şəhər və rayonlarına regional turlar təşkil olunacaq. Burada 1100 məktəbli iştirak edəcək.
Bu il Olimpiada, eyni zamanda, bir neçə əlamətdar tarixlərə: “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun 209 illiyi; Azərbaycan şairi və yazıçısı Mirzə Fətəli Axundzadənin 211 illiyinə həsr olunub.
Ənənəvi olaraq rus dilində Olimpiada Azərbaycan Dillər Universiteti və Bank VTB-Azərbaycanın dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.