Gəlib çıxmamışam hələ özümə,
Bir boylanım görüm harada qaldım?
Hərə bir dəstəylə ağ günə çıxdı,
Mən elə tək-tənha qarada qaldım.
Dünyanın xeyiri, şəri olmadım,
Ölə bilməsəm də, diri olmadım…
Heç işdə sıradan biri olmadım,
Hər işdə sonuncu sırada qaldım.
Hərəsi özünə bir «tərəf» edib ,
Hərə bir tərəfdə qapdığın yedi…
Türk «talış» söylədi,talış «türk» .- dedi,
Heç kim götürmədi, arada qaldım.
Dünya zindan oldu, ömürsə cəza,
Əliboş çıxmadım hər gələn yaza.
Bir ömür yaşadım söz yaza-yaza,
Dünyada yarada-yarada qaldım.
Şükr Varlığına, məni Yaradan!
Razıyam Sən verən dərddən, yaradan.
Harda sən «get» dedin, getdim oradan,
Harda sən «qal» dedin, orada qaldım.