Xaliq Məmmədov, şeirlər

Yaradan nəfsimi edəydi qısa

 

Yaradan nəfsimi edəydi qısa,

Az payı çox sayıb, doya biləydim!

Görəydi gözlərim yalnız yaxşını,

Ziyanı xeyirnən yuya biləydim.

 

Olaydı cibimdə Fələyin möhrü,

Edəydim bərqərar firavan dövrü.

Hamıya bəxş edib uzun ömürü,

İlləri yüzədək saya biləydim.

 

Sevən ürəklərə düşəndə haray,

Hamıya sevgidən ayıraydım pay.

Sevəni-sevənə eyliyəydim tay,

Gözlərdə sevinci duya biləydim…

 

Ağlayan gözlərdən siləydim yaşı,

Qaralda biləydim ağaran başı.

Soyuq ürəklərdə yox edib qışı,

Yerinə məhəbbət qoya biləydim.

 

Xaliq, xoş arzular gəlməyir saya,

Böyük Yaradanım yetişsin haya!

Anamız torpağa- bütün dünyaya,

Sevinc nidaları yaya biləydim.

 

Dağlar oğlu

 

Yer vermə qüssəyə, götür qələmi,

Gözəl qoşmalardan yaz, dağlar oğlu!

Qəmli könüllərə sevinc gətirən,

Misralar yan-yana düz, dağlar oğlu!

 

Hay salsın qələmin – üz tutaq geri,

Gedək, salamlayaq keçən illəri!

Qoy yetsin şeirindən alıb hünəri,

Boranlı könlümə yaz, dağlar oğlu!

 

Şeirinlə o yurda biz olaq qonaq,

Üz tutub keçmişə qayıdaq-qalaq.

Qarlı zirvələrin yolçusu olaq,

Axtaraq boranda iz, dağlar oğlu!

 

Həyatın yolları sirli bir quyu,

Kim bilər qabaqda gözləyən payı.

Bilmərik fələyin saydığı sayı,

Nə qədər saysaq da, biz, dağlar oğlu!

 

Demə ki, tək bizə fələk kəc baxıb,

Həsrətdə çoxunu yandırıb, yaxıb…

…Şeirinlə yenidən dağlara çıxıb,

Dumanda-çisgində az, dağlar oğlu!