Məhərrəm Anar, şeirlər

YA QİSMƏT…

Bir yuxu yrduma apardı məni,

Sanki coşub-çağlayırdım, ya qismət…

Boz yovşanın, yemişənin ətrini,

Xatirəmdə saxlayırdım, ya qismət…

 

Qəriblik, ağzımın tamın itirib,

Gah təsəlli tapıb, gah köks ötürüb,

İsti fəsəlini sacdan götürüb,

Kərə yağnan yağlayırdım, ya qismət…

 

…Çinar bitib Xan çinarın yerinə,

Kəsən kəsi zəlil ola, sürünə.

Dəsmalımı Mazan nənə pirinə,

Niyyət tutup bağlayırdım, ya qismət…

 

Qürbətdə haxladı əlli beş məni,

Salamladı torpaq məni, daş məni.

…Acgöz qonşuları, yağı düşməni,

Çalın – çarpaz dağlayırdım, ya qismət.

 

Məhərrəm, qəm yemə, o gün də gələr,

Doğma Cəbrayılın qalxar, dirçələr.

Deyirlər: “Yuxuda ağlayan gülər”,

Söz tapmayıb ağlayırdım, ya qismət!

26.09.2021. Həştərxan şəh.

 

NİYƏ YAZMADIN?

 

Sənsiz gecələri səni düşündüm,

Baharımda sanki olub qış indi.

Bilirdim, o gediş son gedişindir,

Nə olar kiməsə ümid – dayağsan,

Bəs niyə bir dəfə yazmadın, sağsan ?

 

Sənsiz heç bilmirəm kiməm, nəçiyəm,

Günəşsiz gündüzəm, aysız gecəyəm?

Mən ki, yalvarmadım: soruş, necəyəm,

Sən ötən illərdən ən şirin çağsan!

Bəs niyə bir dəfə yazmadın, sağsan?

 

Qara  tikan  üstə  sərilib  yerim,

Mən yazıq nə yatdım, nə yuxu görüm?

Bağ-bostan becərdim, bəhrəsin dərim,

Sən ömür bağçamdan üzülmüş tağsan,

Bəs niyə bir dəfə yazmadın, sağsan?

 

Saraldım Arazın sağ-solu kimi,

Susuz yamacların ot-kolu kimi.

Bəlkə dirçələrdim, lap dolu kimi

Bir payız axşamı üstümə yağsan,

Bəs niyə bir dəfə yazmadın, sağsan?

 

Yuxumda sevinim – gülüm, nə fərqi?

Yenə görüşünə gəlim – nə fərqi?

Mən dedim: Ayrılıq – ölüm, nə fərqi?

Sən dedin: dözərsən, qayasan – dağsan,

Bəs niyə bir dəfə yazmadın, sağsan?

 

Bir gör o günlərdən ötüb neçə il,

Hey yollara baxmaq ömür-gün deyil.

Susuz biyabanam sənsiz elə bil,

Sən barlı-bəhrəli bağçasan, bağsan,

Bəs niyə bir dəfə yazmadın, sağsan?

 

Məhərrəm, gələndə tək gəlmir bəla,

Bir kimsə düşməsin sən düşən hala!..

Qala ucaldardın, uca bir qala-

A zalım,  dərdimi üst-üstə yığsan!

Bəs niyə bir dəfə yazmadın, sağsan?

12.03.2021.