-Axşam səni də iclasa çağırıblar?
-Xəbərim yoxdur.
-Necə yəni xəbərin yoxdur? Direktorun sənə deməyib ki?
-Heç direktor mənim üzümü görüb ki, nə isə də desin?
Əhmədlə Cavad günorta saatlarında aviamasterskoyun qabağında rastlaşdılar. Qonşulardan, həm də dostlardan birinin istiqaməti Şanxaya, digərininki isə dəmiryolu vağzalına tərəf idi. Salamlaşıb hal-əhval tutan kimi elə atüstü də bir-birlərini sorğu-suala tutdular.
Onlardan biri evə, digəri isə məktəbə tələsirdi. Əhməd ümumi təyinatlı, Cavad isə riyaziyyat təmayüllü məktəbdə müəllim işləyirdi. Hər ikisi ibtidai hərbi hazırlıqdan dərs deyirdi. Düzdür, daha əvvəlki hərbi hazırlıqlardan əsər-əlamət qalmamışdı. Məktəblərdə nə təlim avtomatı qalmışdı, nə də noxud kimi keçəli par-par yanan qumbara. Heç yaxınlıqdakı hərbi hissələr də onları öz yaxınlarına buraxmırdılar. Kim idi orta məktəb şagirdlərinin nazı ilə oynayan. Hər hərbi hissənin nazı ilə oynayası öz qavrikləri kifayət qədərdi.
-Bu gün məktəbdə olmamısan ki? – Əhməd təəccüblə soruşdu.
-Yox, elə indi istəyirəm gedəm dəyəm. – Cavid nədənsə narazı kimi təəssüf hissi keçirərək cavab verdi.
-Bəs səhərdən haralarda olmusan ki, məktəbə getməmisən?
-Haralarda olacam? İdarələrlə qaçqınkomun arasındakı yollarda vaxtın keçib. Bilmirsən ki, hər ilin yanvar ayı məcburi köçkünlərin qaçhaqaç, qovhaqov ayıdır.
-Bu nə olan şeydir? Yenə il başlamamış nə istəyirlər sizdən?
-Ay qardaş, nə bilim. Məgər torpaqlar erməni işğalından azad oldu, biz xəbər tutmadıq?
-Deyirlər birdən xəbər tutub yerinizə qayıtmazsınız.
-Ay babaların oldu behiştlik. Əvvəlcə, qoy torpaqları qaytarsınlar. Sonra minadan-zaddan təmizləsinlər. Pisdən-yaxşıdan şərait yaratsınlar, biz də qayıdaq gedək xarabamıza. Bizim nə işimiz var bu şəhərdə ki, bütün günü qalaq idarələrin qabağında, arayış növbəsində. Camaat gedib ət növbəsində, çörək növbəsində dayanar, biz də arayış növbəsində.
-Arayışı neyləyirlər? Məgər kompyuterləri yoxdur ?
-Ə kişi, kompyuterləri də var, internetləri də. Elə özlərinin kefi belə istəyir, onlar da bizinən məzələnirlər. Gedirsən jekə arayış almağa, deyir zibil pulunu ödə, sonra. İndi sən gəl, bu boynuyoğunu başa sal ki, zibil daşımaq da komunal xərclərə daxildir. Elə “nu” deyib dirənir ki, bizə göstəriş verməyiblər ki, məcburi köçkün ailələrindən zibil pulu yığmayın.
-Sən də ver də, bir beş manat nədir ki, xəsislik eləyirsən.
-Dərd beş manat olsaydı nə vardı ki! Ödəyib canını qurtarardın. Beş zibil pulu, üç də arayış yazan qızın mürəkkəb pulu.
-Arayışı ki bir manata yazırlar.
-Bəli.
-Bəs onda sən niyə üç manat verirsən?
-Çünki üç arayış yazdırıram. Əvvəllər bir arayış yazdırıb surətlərini çıxartdırıb paylayırdıq. İndi surət sayan yoxdur. Hər idarə deyir ki, mənə arayışın əslini gətir. Odur ki, üç arayış alıb gedirik qaçqınkoma. O da iki ayağını bir başmağa dirəyib durur ki, mən ancaq bir nüsxəni təsdiq edəcəyəm. Məcbur olursan bir beşlik də onun daxılına atırsan. Ordan yollanırsan qaz, su, işıq idarələrinə. Onlar isə arayışına bir əmma qoyub atır kənara. Qazın, işığın, suyun kodu yazılmayıb. Smart kartını gətirməmisən, baxaq. Ailə üzvlərinin sənədlərinin surətləri yoxdur. Bir sözlə, zibilin pulun verib zibilə düşürsən. Üç buna, beş ona, əlli manatla evdən çıxıb qəpik-quruşla geriyə qayıdanda sevinirsən ki, şükür Allaha, işləri bu gün yekunlaşdırdım, sabaha qalmadı.
-Bəs pul verməsən necə olacaq?
-Onda lap pis zibilə düşəcəksən. Sənədlərini götürüb qoyacaqlar qırağa ki, arxayın ol, get. Ayın axırında gəlib limitini yüklədərsən.
-Burda nə var ki. Gözlə, ayın axırında yüklədərsən.
-Ay başına, dönüm, sən nə dilbilməz adamsan. Ayın axırı gəlib görürsən ki, heç bir limit-filan ayrılmayıb. Soruşursan, deyirlər gözlə, sənədlərini axtaraq. Canı dildən girişirlər sənin sənədlərini axtarmağa. Axtarırlar, axtarırlar və… sənin sənədlərin tapılmır. At kimi üzünə dirəşirlər ki, sən bizə sənəd verməmisən. “Versəydin burada olardı. Nə oldu, hamının sənədi burdadır səninkini cin-şeytanmı apardı?”
-Sizin işiniz qalıb Allaha. – Əhməd dərindən köks ötürdü. – Yaxşı yolundan qalma, get. Mən də gedim evə. Həm nahar eləyim, həm də bir az işlərim var. Axşam iclasa gələsi olsan, görüşərik.
Axşam saat altıya təyin olunan iclas səkkizdə baş tutdu. Yanvarın gödək günləriydi, qaranlıq tez düşürdü. Ancaq müəllimlərin də tələsəsi yerləri yoxuydu. Çoxları kənddən gəldiklərinə baxmayaraq kənd həyatını çoxdan yaddan çıxartmışdılar. Axşam saatlarında mal-heyvan qabağına çıxmaq, naxırı rahatlamaq, axurlara ot dağıtmaq birdəfəlik yaddan çıxmışdı, sanki o həyat nağıllarda öyrənilmişdi.
İclasın gec başlamasının səbəbini müəllimlər başçıda görürdülər. Deyilənə görə, karyerasının ilk pillələrini hərbi xidmətdə “qazanmışdı”, yəni müharibənin od-alovundan istifadə edib özünə vəzifə qamarlamışdı. İxtisaslı mütəxəssislər çatışmırdı, olanlar da müharibənin qorxusundan hərbi komissarın bığının altından keçib ilim-ilim itirdilər. Elə itirdilər ki, onları uzun müddət “gördüm” deyən olmurdu. Başçı da yaranmış vəziyyətdən istifadə edib tabeçiliyində olanları sıxmağa başlayıb. Böyük təbəqə böyüyün qarşısında alçalmağı xoşladığından, el dilində desək, “quşgötürən olduğundan” kişi yavaş-yavaş püxtələşib, böyük vəzifələr tutmaqda təcrübə qazanıb. İndi də köhnə şıltaqlığını heç cürə tərgidə bilmir. İclaslarında gərəkdir ki, kiminləsə məzələnə, kimi isə meymun kimi ələ salıb oynada, yoxsa rahatlıq tapa bilməz. Bu günkü iclasın gecikdirilməyinin bir səbəbi də elə bu idi. Deyirdilər, başçı hamının toplanmamasını bəhanə edir, əslində kiminlə məzələnəcəyini düşünür.
-Biz tərəflərdə deyirdilər ki, kor qoyun gecə otlayar. – Akt zalına girər-girməz Əhməd astadan Cavidin qulağına pıçıldadı. – Bu gecə burdayıq.
-Ə, kiri. Eşidib eliyən olar.
Hamı zala keçib əyləşən kimi başçı gəldi. Ayağa qalxdılar ki, salamlaşsınlar, amma başçı salamlaşmadı, heç “axşamınız xeyir” də demədi. Camaata gözünün ucu ilə də baxmadan keçib yerində əyləşdi. Ondan sonra yığıncağa toplaşanlar da sakitcə əyləşdilər. Başçı qalın dəri üzlü dəftərini açıb nə isə yazdı və üzünü zala tutdu?
-Ə, boynuyoğun, ayağa dur görüm.
Elə bil qurbağa gölünə daş atmısan, hamı mısdı. Qorxusundan nəfəs də almadılar ki, birdən başçı onu nəzərdə tutar. Elə bu vaxt zalda, öndən ikinci cərgədə oturan adamların arasından alçaqboy, dolubədənli, başçının dediyi kimi boynu yoğun, peysəri qat-qat olan birisi ayağa qalxdı. Zaldakıların hamısının ürəyi gəldi yerinə, dərindən nəfəs alıb rahatlıq tapdılar. Ayağa duranı hamı şəxsən tanımasa da çoxu onun zibil idarəsinin müdiri olduğunu bilirdi. Başçı daha zəndlə, bir az da zəhmli baxışlarla onu süzüb soruşdu:
-De, görüm nə qədər pul alırsan?
-Beş yüz altmış beş manat.
-Maaşını demirəm, bütövlükdə?
-Paketin arasında da beş min.
-Nəyinizə bəs eləmir?
-Şükürlər olsun, sayənizdə dolanırıq.
-Sən dur görüm ayağa! – Başçı zibil idarəsi müdirinin böyründə oturan işçisinə üzünü tutdu.
-Baş üstə! – O, dərhal ayağa qalxdı.
-Sən nə qədər pul alırsan?
-Sağ olsunlar, müdirlə mühəndis. Kömək edirlər, dolanıram.
-Soruşuram, ayda nə qədər pul alırsan?
-Olur da. Naşükür deyiləm.
-Ay insan, səndən Azərbaycan dilində soruşuram. Ayda nə qədər pul alırsan?
-Yüz otuz beş manat maaş alıram. Gündəlik rəis on manat, mühəndis beş manat verir. Bir az da çak-çukum olur.
-O nə olan şeydir? Bir de görüm, nə qədər çak-çukun olur?
-Zibil yeşiklərində asılmış çörəkləri yığıram kisələrə, quş saxlayanlar gəlib aparır, beş manat ordan qazanıram. Butulkaları ayrı yığıram, dəmirləri ayrı. Nə bilim, düşəndə başqa şeylər də olur. Ayda hamısı bir yerdə, ölü yerindən min manat çıxır.
-Zaldakılardan ayda min manat qazanan əlini qaldırsın! – Başçı zala səsləndisə də heç kim əlini qaldırmadı. – Gördünüz də, burada məndən sonra ən çox qazanan zibil yığandır.
Başçı dəftərinə baxıb nə isə qeyd etdi və yenidən üzünü zibil idarəsinin müdirinə tutdu:
-Şəhərdə nə qədər abonentimiz var?
-Yüz əlli iki min altı yüz iyirmi beş. – Zibil yığan idarənin müdiri də deyəsən hazırlıqlı gəlmişdi. Odur ki, o, da əlində tutduğu dəftərə baxıb məruzə edirdi.
-Onların hamısından zibil pulunu ala bilirsənmi?
-Demək olar ki, il ərzində hamıdan alırıq.
-İşıq idarəsinin müdiri! – Deyə başçı səsləndi.
-Mən. – Zalın başqa küncündən uzun bir kişi ayağa qalxdı.
Başçı bir uzundrazı süzdü, bir də zala baxdı.
-Mən sənə dedim də, bu gecə poeziya gecəsidir. – Əhməd astadan Cavidin böyrünü dümsükləyib pıçıldadı. – İndi aşıqlar deyişəcək. Biri bu başdan, biri də o başdan. Sən də hazırlaş.
-Ə, kiri. Eşidib eliyən olar, vay halımıza. Qoy oturmuşuq oturduğumuz yerdə.
Başçı zalı diqqətlə süzməkdə davam edirdi. Uzundraz gördü ki, başçı onu diqqətdən kənarda saxlayıb, fikirləşdi ki, yəqin zəif cavab vermişəm. “Qanım getdi. Axı o, hərbçi olub, xoşlayır ki, ucadan danışsınlar. Elə danışsınlar ki, elə bil komanda verirlər. Əlində əlacı olsa lap deyər komanda verin: Düzlən! Farağat!”
-Mən, cənab başçı.
-Nə qışqırırsan? Dedin, eşitdik. Burada kar yoxdur. De, görüm neçə nəfərə işıq verirsən?
-Bu dəqiqə. – Uzundraz da bunu deyib dərhal dəftərini açdı. Uzun burnunun üstünə salladığı eynəyini düzəldib dəftərdə ilan-qurbağa xətti ilə yazdığı qeydiyyatına baxdı. – Yüz yetmiş iki min səkkiz yüz otuz altı min.
-Ə, boynuyoğun! – Başçı sifəti pörtmüş halda zibil idarəsi müdirinin üstünə qışqırdı. – Hesabla, gör nə qədər fərq eləyir?
-Bu dəqiqə. – Zibilyığan idarəsinin müdiri dərhal dəftərində riyazi hesablama aparmağa başladı.
-Təxminən iyirmi min. – Başçı hesablamaya yekun vurdu. – Hərəsindən bircə manat xəlvətə salıb alsanız iyirmi min manat pul eləyir. De, görüm mənə niyə kəf gəlirsən?
“Rəhmətliyin nəvəsi, zibil puludur də. Heç ayıb deyil, sən də ona göz tikəsən? Sən axı başçısan!” Zibil yığan idarənin müdiri üzdə bir söz deməsə də dodaqaltı mızıldanıb donquldamağa başladı.
“Biz də deyirik, başçının qatır çəkməyən söyüşlərini bu boynuyoğun niyə peysərə verir. Təkcə zibildən, məişət tullantılarından bir belə pul qazanan əlbəttə ki, boyun da yoğunadacaq, söyüşləri gizlətməyə onun peysəri də olacaq”. – Zalda oturanlar sakitcə öz-özlərinə fikirlərindən keçirdilər.