«37»-nin qurbanlarından

Fikirlər Xatirələr

Həmid Piriyev: Əhməd Cavadın acı taleyi

 

“Qırmızı terror”un qurbanlarından bəzilərinin taleyi əvvəlcədən məlum idi. Kabinetlərdə onların “ömür yolu” çoxdan, iyirminci illərdən cızılmışdı, sadəcə, uyğun vaxtı gözləyirdilər. Bu “bəxtiqara”lardan biri də Əhməd Cavad idi.

Məncə, Əhməd Cavad haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu yazıda, sadəcə, Əhməd Cavada qarşı aparılan məqsədli kampaniyadan danışmağa çalışacağam.

Əhməd Cavad birinci dəfə 1923-cü ildə, keçmişdə Müsavatçı olduğuna və Gəncə şəhərində “Müsavat” firqəsininin yaradılmasında yaxından iştirakına görə həbs edilir. Arxiv sənədlərindən məlumdur ki, müstəntiq Əhməd Cavadı dindirərkən, bir vaxtlar Qubada onunla bir məktəbdə işləmiş və o vaxtdan araları sərin olan Mir Cəfər Bağırov istintaq otağına gəlib. Əhməd Cavadı “Xuluqda” və “Ləzgi qızları” şeirlərinə görə ittiham edib. Şairin faktlarla cavab verməyi Bağırovu daha da qəzəbləndirib. Müstəntiqə tapşırıb ki, şairə otuz zopa vursunlar və adını “Qırmızı siyahı”ya salsınlar. Sonralar məlum olduğuna görə, “Qırmızı siyahı” güllələnməyə məhkum edilənlərin siyahısı idi. Onlar müəllim işləyən vaxt Quba Maarif şöbəsinin müdiri işləmiş Hüseyn Musayev bundan xəbər tutan kimi Bağırovun qəbuluna gəlib və Əhməd Cavadı güllələnmədən xilas edə bilib. Sonralar Şükriyyə xanım deyirdi ki, zopaların yeri bir ay Cavada əziyyət verdi, kürəyinə təpitmə qoyurduq.

Əhməd Cavad ikinci dəfə 1925-ci ildə “Göy göl” şeirinə görə həbs edilir, beş-altı ay işgəncələrə məruz qalır. Şeir Moskvaya qədər göndərilir, yoxlanılır, amma ittiham əsasını tapmadığı üçün şairi azad edirlər.

(Haşiyə: Bu yerdə Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilovun “Ömür dedikləri bir karvan yolu” (Bakı, 1986) adlı kitabından bir parçanı xatırlamaq maraqlı olar:

“1926-cı ildə S.Vurğunun Qubada yazdıqlarından ancaq “Göy göl” şeiri “Gənc işçi” qəzetində dərc edildi. Bu şeiri o zaman qəzetin redaktoru… S.Rüstəmə… redaksiyada mən verdim. Şeir Ə.Cavadın “Göy göl”ünə cavab olaraq yazılmışdır. Müasirləri yaxşı xatırlayırlar ki, S.Vurğun son dərəcə səmimi adamdı. Bir dəfə şöhrətli şair olduğu vaxt, söhbət zamanı mənə dedi: “Qara! O vaxtlar mən Əhməd Cavada cavab olaraq, komsomolçuluğuma salıb, sənin təhrikinlə “Göy göl”ü yazdım. “Qanlı Göy göl yaratdın füqəraya” misrasını da sən oraya yamadın. Amma öz aramızdır, Əhməd Cavadın “Göy göl”ü mənimkindən çox-çox üstün əsərdir, o əsl poeziyadır…”)

1928-ci ildə Türkiyədə çap olunan bir məcmuədə Əhməd Cavadın özündən xəbərsiz bir neçə şeiri çap olunur. Buna görə 1929-cu ildən ona qarşı mütəmadi hücumlar başlayır. Mətbuatda, xüsusən, “Kommunist” və “Gənc işçi” qəzetlərində aşkar kampaniya aparılır.

(Haşiyə: Əli Saləddin yazır ki, 1958-ci ildə Şükriyyə xanımgil Beşmərtəbə tərəfdə yaşayırdı. Mir Cəlalın təklifi ilə Əhməd Cavad haqqında məruzə hazırlamaq üçün onlara getdim. Şükriyyə xanım bir qovluq gətirdi. Əhməd Cavad 1920-ci ildən 1937-ci ilə qədər haqqında mətbuatda çıxan materialları kəsib o qovluğa yığmışdı.)

Şair ittihamlara cavab olaraq “Kommunist” qəzetinin 1929-cu il 31 oktyabr tarixli nömrəsində “Şiddətli protesto edirəm” adlı məqaləsini çap etdirir:

“Ə.Nazim yoldaşın Moskvada çıxan “Mətbuat və inqilab” adlı ədəbi məcmuədə yazdığına görə, müsavatçılar tərəfindən İstanbulda nəşr edilmiş “İstiqlal uğrunda” ünvanlı kitabda bənim də bir para şeirlərim dərc edilmişdir.

Aprel inqilabından sonra əlaqədar olmadığım bu təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarımın da oraya düşdüyündən məlumatım yoxdur. Lakin nə olur-olsun, Azərbaycan Şura quruluşu əleyhinə olan bir kitabda yazılarımın fitnəkarlıqla nəşr edilməsinə, şeirlərimin bir siyasi alət olaraq qollanılmasına qarşı şiddətlə etiraz edirəm.

Azərbaycan işçi sinfinin sosializm quruluşunda əlimdən gəldiyi qədər iştiraka hazır olduğumu bəyanla, yazılarımın Şura hüdudu xaricində nəşri üçün heç bir kəsə və heç bir təşkilata vəkalət vermədiyimi də bununla elan edirəm.

Əhməd Cavad”

(Məhəmməd Əmin Rəsulzadənin şairin tutulmasında özünü də günahkar bilərək, İstanbulda nəşr olunan «Yeni Qafqasiya» məcmuəsi «Əhməd Cavad məhbus imiş» adlı məqaləsində yazmışdı:

«… Azəri-türk xalqının ən əziz duyğularıına, ən incə hislərinə səmimi tərcüman olan bu həssas şairin həbsi xəbəri ilə üzləşməkdə ikən bizə aid olan bir səbəblə mənəvi bir məsuliyyət hissi altında dəxi əzildik. Şairin məhbusiyyətinə ”Yeni Qafqasiya” də dərc olunan şeirləri səbəb olmuşmiş?… Əgər şair “Yeni Qafqasiya” ilə münasibətdar olduğundan dolayı cəza görüyorsa, əlimizi vicdanımızın üzərinə qoyaraq bütün dünya qarşısında söylüyoruz ki, onun bizimlə heç bir münasibəti yoxdur! Yox, əgər nəşr elədiyimiz şeirlərində bolşevik hökumət və diktaturiyyəsinə qarşı bir qəsd görülüyorsa dərc elədiyimiz parçalar şairin bolşevizmdən daha əvvəl yazmış olduğu şeirlərdir…» X.M.)

Əhməd Cavadın məqaləsindən sonra ona qarşı hücumlar daha da qızışır. Az qala, “Kommunist” və “Gənc işçi” qəzetlərinin hər nömrəsində imzalı və imzasız məqalələr çap edilir. Bilinən imzalar arasında Süleyman Rüstəm, Abdulla Faruq, Böyükağa Talıblı, Hacı Kərim Sanılı kimi ədiblər xüsusi canfəşanlıq göstərir. Süleyman Rüstəmin “Kommunist” qəzetinin 1929-cu il 3 noyabr tarixli nömrəsində çap etdirdiyi “Sübut edə biləriz” məqaləsindən bu hissəyə baxaq: “Madam ki, Cavadın şeirləri müsavatçıların əlində bizə qarşı silah olaraq işlədilir, demək, Cavad onları müəyyən məqsədlə yazmışdır… Biz Cavadı çox yaxşı tanıyırıq. “Göy göl” hadisəsini də unutmadıq. Doğrudur, bəzi gənc yazıçılar Cavadı müdafiəyə çalışırlar. Fəqət onlar bunu düşünməyərək yapırlar… Cavada “səcdə” edən gənclər tezkən öz böyük yanlışlıqlarını düşünərək, özlərini sağlam cığıra salmalıdır. Yoxsa Almas Yıldırımın düşdüyü vəziyyətə düşərlər… Cavad ədəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq oldu. Mən bəzi gənclərin dilindən Cavadın çap olunmamış şeirlərini çox dəfə dinləmişəm.”

“Gənc işçi” qəzetinin 12 noyabr tarixli sayında Ə.Süleymanzadə, Q.Cəfərzadə və A.Kazımın birlikdə yazdığı “Ə.Cavadın quyruqlarına mübarizə açılmalıdır” məqaləsi də diqqəti cəlb edir. Müəlliflər Əhməd Cavadı burjua nökərlərinin ən aydın nümunəsi, Mikayıl Müşfiqlə Məmməd Rahimi (!!!) isə qolçomaq quyruğu adlandırır.

Həmin nömrədə çap olunmuş başqa bir məqalədə Əhməd Cavadın şeirindən bir beyt aşağıdakı qeydlə sərlövhəyə çıxarılır:

 

“Tövbə əttövbə xəta rahına getdiklərimə,

Bilib etdiklərimə, bilməyib etdiklərimə, —

 

deməklə, özünü safa çıxarmağa çalışır və öz siyasi-sinfi düşmənçiliyini etiraf edir. Əcəba, Cavadın şagirdi olan Müşfiq də bunu etiraf edirmi?..”

Eyni proses “Kommunist” qəzetində də davam edir. Qəzetin 11 noyabr tarixli nömrəsində Süleyman Sani Axundovun məktub yazaraq Cavadın protestosu münasibətilə Azərbaycan Proletar və Şura yazıçıları tərəfindən çıxarılmış qərara şərik olduğu bildirilir. Əbdürrəhim bəy Harverdiyev də həmin nömrədə “Mənim də sözüm” məqaləsində Cavadı düz yola dəvət edir.

Bu dövrdə Hüseynqulu Sarabski konsertdə Cavadın şeirini oxuyur. “Kommunist”in 12 noyabrda çıxan nömrəsində “Eşidən” imzalı müəllif “Sarabski, cavab ver!” adlı məqalə yazır:

“9 noyabrda Sarabski Cavadın:

 

Bən bir aşiqəm ki, bu çaldığım saz,

Dumanlı dağlara səs salacaqdır.

İnlətdiyim teldə ağlayan avaz,

Elin xatirində çox qalacaqdır! –

şeirini oxudu. Sarabskidən cavab gözləyirik!”

(Haşiyə: Qeyd edək ki, Əhməd Cavad öz dövründə xanəndələr tərəfindən ən çox müraciət olunan müasir şair olub. Bülbül Gəncədə olarkən ancaq Əhməd Cavadın sözlərini oxuyub.)

Nəticədə, Əhməd Cavad “Kommunist” qəzetinin 19 noyabr tarixli nömrəsində “İzah” məqaləsini çap etdirir:

“Keçən günlərdə “Kommunist” qəzeti vasitəsilə etdiyim bir protesto kürü bir etiraz olaraq haqqımda bir çox kəskin və tənqidi məqalələr yazılmasına səbəb oldu.

Bən nə üçün protesto etdim?

Bən onun üçün protesto etdim ki, əvvəlki mənsubiyyətində ittiham edildiyim müsavat firqəsi ilə felən 1920-ci ilin Aprel inqilabından, 1924-cü ildə verdiyim deklarasyondan bəri heç bir əlaqəm olmamışdır. İş böylə ikən Ə.Nazim yoldaşın məqaləsindən İstanbulda mühacir müsavatçıların çıxarmış olduğu bir kitabda yazılarım bulunduğunu oxudum. Şura hökuməti əleyhinə çıxmış olan bu kitabda nə yazıldığını bilməsəm də, nə olursa-olsun, təbii ki, bən buna razı ola bilməzdim. Bənim qəlbim Şura ölkəsində zəhmətkeş həyatı və sosializm quruluşu işlərində ciddi və səmimi olaraq çalışmaq həvəsilə dolu ikən, burada hər bir vətəndaş səmimiyyətlə bənim gözümün içinə baxarkən, bu fəaliyyətini heç də təsvib… sandığım bir təşkilat tərəfindən yazılarımın bənim məlumatım olaraq nəşr edilməsi arxadan vurulan bir xəncər olardı, bən özüm də xain. İşdə bən də xain olmadığımı, ikiüzlülük etmədiyimi hər kəsdən əvvəl elan etdim. Bununla da vətəndaşlıq borcumu vermiş oldum.

Protesto etdiyimin bir səbəbi budur…

Haqqımda məqalə yazan yoldaşların cümləsi bənim milli ruhda yazdığımdan, gəncliyə və inqilaba zərər verdiyimdən bəhs edirlər ki, burada haqlıdırlar. Doğrudur, həm milli ehtirasların müvəqqəti də olsa, üstün gəldiyi bir mühitdə böyüdüm, bu yolda təşviq edildim, irəli çəkildim, əməlli-başlı bir siyasi tərbiyə görmədiyimdən bir çoxları kimi uzağı görə bilmədim. Milli şair olmağa çalışdım, bir çox milli parçalar yazdım. Bunu boynuma alıram.

Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara qələm çəkdi ki, milli duyğu da onun içində. Bu gün ümumbəşəri əhəmiyyəti olan bir hərəkatdan saparaq dar bir çərçivəyə girmək bəşəriyyətə xəyanət etmək deməkdir. Ona görə də, ümumiyyətlə, yazmış olduğum milli ruhlu parçalardan imtina etməklə onların zərərli olduğunu etiraf edirəm… Şəxsən bən özüm üçün bir daha milli parça yazmamağa qərar verdim.

Münəqqid yoldaşlar ortaya bir də bir “Göy göl” məsələsini atdılar ki, bir az da o xüsusda danışmağı faydalı gördüm.

— “Göy göl” öz-özlüyündə lirik bir parça olduğundan, ümumiyyətlə, lirizmə məxsus bir səciyyə etibarilə, ona müxtəlif mənalar verilə bilər. Lakin nə “Göy göl”də, nə də mətbuatda çıxan başqa yazılarımda bilxassə 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yoxdur. Şeirlərimdəki hüzn və üzüntü yalnız şəxsidir. Böylə bir hüznün ta çocuqluğumdan başlayaraq yazmaqda olduğum parçaların cümləsində olduğunu ədəbiyyatla uğraşan yoldaşlar da gözəl bilir. Bən burada böylə bir hüznün bu günkü ədəbiyyatda xeyirli olduğunu deyil, bəndəki hüznün siyasi olmadığını söyləmək istəyirəm…

Bən milliyyət ruhu daşıyan milli faydalardan bəhs edən ədəbiyyatı zərərli hesab edirəm; çünki böylə ədəbiyyat hər şeydən əvvəl milli ədavətlər törədir, bir milləti başqa bir millətdən üstün göstərməyə çalışaraq bir çox uyğunsuz hərəkətlərə meydan verir. Bunun nəticəsində də milli qırğınlar baş verib bir çox qanların tökülməsinə, zəhmətkeş xalqın həlak düşməsinə səbəb olur. İndi bənim fikrimcə, hər bir şüurlu vətəndaş yalnız öz millətini deyil, millətinin də mənsub olduğu bəşəriyyəti, bu bəşəriyyətin xilası üçün fədakarlıq göstərən əməkçiləri düşünməlidir. Ona görə də bən milli ədəbiyyatdan imtina edirəm.

Təbiidir ki, quru sözlər fikir və görüşü isbat edə bilməz. Əməkçi vətəndaşlar bəndən də ümumi yolda bir xidmət göstərməmi bəkləyəcəklərdi. Bən də qəti olaraq əskilikdən əlaqəmi üzməklə bərabər, yeni ruhi qavramağa, yenilik ruhunu tərənnüm etməyə çalışacağam. Hər şeyin yeniləşdiyi bir dövrdə əski olaraq qalmaq ayıb olardı.

Nəhayət, burasını da qeyd etməliyəm ki, bən də bir insan olmaq etibarilə səhv etməmiş deyiləm. Çox səhvlər etmişəm, bəlkə də o səhvlər yenə də olacaqdır. Lakin heç zaman xəyanət etmədim. Bundan sonra da etməyəcəyimə əminəm. Bəni xəyanətdə müttəhim edən yoldaşlar həddindən ziyadə şiddətli davranmışlardır. Bən də ümumi iş naminə haqqımda yazılan bu şeylərin tərsini unudaraq, əlimdən gəldiyi qədər proletar quruluşu üçün çalışıb xain deyil, dost olduğumu isbatə müvəffəq olacağıma əminəm.

Əhməd Cavad”

Hüseyn Musayev 1930-cu ildə növbəti dəfə Əhməd Cavadı xilas etməyə müvəffəq olur. Cavadın da işlədiyi Pambıqçılıq İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu adını alaraq Gəncəyə köçürülür. Hüseyn Musayev Əhməd Cavadı da özüylə Gəncəyə aparır, Azərbaycan və rus dilləri kafedrasını ona tapşırır.

İttihamların arası bir müddətlik kəsilsə də, tam qurtarmır. Növbəti dəfə Əhməd Cavad Bakıya qayıdandan sonra – 1935-ci ildən yenidən gündəmə gəlir. Nə Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını tərcümə etməyi, nə Şura hökumətində qadının yerindən bəhs edən “Sədəf” romanını yazmağı (bu romanın mövcud olan dörd surəti həmin illərdə “yoxa çıxıb”) onu xilas edə bilmir.

1937-ci il martın 21-i baş tutmuş səhər iclasında Süleyman Rüstəm ona qarşı açıq ittihama keçir:

“Sənin bu qədər yazıçılıq stajın ola-ola partiyamız üçün əsərlərin ilə öz səmimiyyətini göstərməli idin. Sən Cavad bunu etmədin. Mən elə bilirəm ki, 25, 26, 27, 28, 29 – 31, nəyahət, 36-37-ci illər gəlmiş, yenə Cavad məsələsi çıxır. Odur ki, yoldaşlar, mən Cavad məsələsini konkret qoyuram. O həmişə bizi aldatdığına və bu vaxta qədər özünü göstərmədiyinə görə Yazıçılar İttifaqından çıxarılsın!”

Təklif təsdiqini tapır, Əhməd Cavad Yazıçılar İttifaqından kənarlaşdırılır.

Həmin ilin 4 iyununda həbs edilən Əhməd Cavadın başına sonra nə gəldiyini isə, hamımız bilirik…

Qiymət