Xaliq Məmmədov (şeirlər)

Xaliq Məmmədov

Sənli şirin xatirə

Sənli şirin xatirə

Eşqə pənahımdımı?

Göylərin gurultusu

Sinəmdə ahımdımı?

——

Sonsuz qara gecələr,

Həsrət didir qəlbimi,

Zülmətin sükutuna

Söyləyirəm dərdimi!

Bilməm mənə zülm edən —

Tənha gecələrimmi,

Ya ki, sənsiz açılan,

Qəmli sabahımdımı?

Görməməkçün hicranı,

Bağlıyıram gözümü,

Sənli Keçmişə tərəf

Çevirirəm üzümü.

Şirin xəyal bu qəmli

Həyatımın özümü,

Ya, bəxtimin sahibi,

Üstümdə şahımdımı?

Həyatımın kitabı-

Vaxtsız ağaran başım,

Üfüqlərə dikələn

Baxışlardı sirdaşım!

Vüsalıma yas tutan,

Sel tək axan göz yaşım,

İtirdiyim sevincə,

Yoxsa, izahımdımı?

İki yaralı ürək,

«Ah!»lara olub meydan!

Yetə əbədi sükut,

Ya ki, qurtara hicran!

Xaliq deyir qocaldıq,

Azalmadı ah-fəqan.

Bu sevdanın fəryadı,

Mənim günahımdımı?

Qaytar dünyamızı

Ağırdır-bu qədər yükü daşımaq!

Qayıt! Bu əzabım qurtarsın, getsin,

Qayıt nağıllar tək. Vüsala çataq,

Hicran aramızdan ərisin itsin!

Qayıt bir anlığa, məni də səslə!

Arxaya yol edək, verib əl-ələ!

Vüsala yetməyən eşqin nəğməsin,

Səsləyək yenidən, gətirək dilə!

Qayıt, qoy yenidən üz-üzə duraq,

Köçək arzulara, əriyək, itək.

Ayrılıq olmayan bir dünya quraq,

Gənclik sorağıyla arxaya gedək!

Sən həmənki sənsən, mən o deyiləm!

Dön mənim dünyama, dön, olaq birgə!

Bağını tərk etmiş nakam bülbüləm,

Sən qayıt -səninlə qayıdam, bəlkə!

Sən həmənki sənsən, mən o deyiləm,

Əriyib hicranda çoxdan itmişəm!

Sən həmənki sənsən, mən o deyiləm!

Bir gedər gəlməzli yola getmişəm!

Sən qayıt, qayıda bəlkə səninlə,

Təkcə ikimizin olan o dünya!

O pak eşqimizi gətir özünlə,

Qoy, sönməz alovu yetsin haraya!

Sən həminki sənsən, mən -o deyiləm,

Qayıt, yollarımdan getsin duman, çən.

Qaytar dünyamıza məni də, gülüm,

Deyim ki, təzədən yaşayıram mən!

Yuxu

Eh, nə gözəl yatmışdım, şirin yuxu görürdüm!

Bu yuxumda qayğısız, gözəl ömür sürürdüm.

Xoşbəxt ruhum gəzirdi, çox qapılar açırdı,

Ağrı-acıdan uzaq dünyalara qaçırdı.

Axı, niyə ayıldım, bu yuxum hara getdi?!

Cismimdə olan ağrı, deyən, üstünlük etdi…

***

Qoy, yenə də yatım mən, gözəl bir röya görüm,

Qəm-kədərdən xəbərsiz röyalı ömür sürüm.

Ayılmayım! Hey yatım, arzularımsa oyaq,

İşıq salsın yuxuma Günəş boyda çil-çiraq!

Xatirələr nisgillə yapışsınlar əl-ələ,

Yol etsinlər birlikdə başlanğıca, əvvələ.

Daş-qayalı yollarda qaçan uşağa dönüm,

Arzular qanadında uçan uşağa dönüm.

Bir nəfəsə üz tutub o dağlara çıxım mən!

Çəmənlikdə hay-küylə top dalınca qaçım mən.

Diz çöküm, buz bulaqdan bir doyunca su içim,

Arzular qanadında keçmişimə yol seçim!

Bəxtəvər bir cavanın ünvanına yetim mən,

Sönməz eşqin odunda əriyim mən, itim mən!

On beş yaşlı sevdamın gəlsin yenə sədası,

Bir anlığa yox olsun bir ömürün yarası…

***

Ayılmaq istəmirəm, yuxum sona yetməsin!

Yuxulu şirin ömür əriməsin, bitməsin!

Günəşli bir zirvədir o dövrümün dünyası,

O zirvədən görükmür bu günümün cəfası!

***

Qismət olsun bəxtimə belə bir yuxu yatmaq,

İstəmirəm yalançı bu dünyaya qayıtmaq!