Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda Cəlal Kazımovun vəkili vəsatət qaldırıb. O, müdafiə etdiyi şəxsin ittiham olunduğu 473 min manat mənimsəmə epizodu üzrə bəraət verilməsini istəyib. Qeyd edib ki, Maliyyə nazirliyi hərbi hava qüvvələrində və Ali Hərbi Məktəbində mənimsəmə faktı ilə bağlı akt tərtib edib.
Amma 2015-2020-ci illərdə həmin qurumlarda mühasibatlıq sənədləri yandırılaraq məhv edilib. Ehtimalla təqsirləndirilən şəxsə ittiham verilib.
Vəkil müvəkkili barəsində həmin hissə üzrə bəraət verilməsini istəyib. O, daha sonra müvəkkilinə məxsus əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi barədə vəsatət verib. Vəkil əmlakların satılmasına, dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi istəyib.
Prokuror Fuad Musayev deyib ki, vəkilin vəsatəti sübutların araşdırılması mərhələsinə aiddir. Bildirib ki, bu vəsatətdə göstərilənlər məhkəmə araşdırılması aydınlıq gətirilə bilər.
Məhkəmə hazırkı mərhələdə vəkilin vəsatətini baxılmamış saxlayıb.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, Nizami Məmmədov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq 2017-2022-ci illərdə Müdafiə Nazirliyinin satınalmalar və maliyyə xərclərini şişirtməklə, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edib, ümumilikdə 143 milyon manat dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər.
Bundan başqa, Nizami Məmmədov Müdafiə Nazirliyinin baş qərargah rəisinin göstərişi ilə nazirliyin satınalmalar və təchizat idarəsi, mənzil istismarı idarəsinin rəisləri ilə əlbir olub, ümumilikdə 6 milyon manat mənimsəyiblər.
İttihama münasibət bildirən Nizami Məmmədov özünü qismən təqsirli bilib. Satınalmalar və təchizat idarəsi, həmçinin mənzil istismarı idarələrində mənimsəmələr epizodu üzrə özünü təqsirli bilməyib. Bildirib ki, işlədiyi dövrdə 12 milyon manat mənimsəmə faktına yol verib, həmin dəymiş ziyanın da ödəyib.
Digər təqsirləndirilən şəxslərdə ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Növbəti proses sentyabrın 29-a təyin edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manatı ödənilib.