(“Polis günü” şərəfinə)
Qatar rayon mərkəzinə lap obaşdan çatdı, hava təzəcə işıqlaşırdı. Onlar qatardan düşən kimi birbaş polis idarəsinin qabağına gəldilər. “Hikməti bilmək olmaz, bir də gördün yataqdan qalxan kimi elə yuxulu-yuxulu durub işə gəlib. Qoy, bizi qapının ağzında görsün, belə yaxşıdır. Rəis adamdır, sonra müşavirə keçirər, qəfildən harasa gedəsi olar… Boşuna vaxt itirməyə dəyməz…” Qafur fikrini belə bildirdi, hər ehtimala qarşı işlərini ehtiyatlı tutmağı tövsiyyə etdi. Nə olsun ki, haçansa bir yerdə işləyiblər, indi o kim, bu kim… əmoğlu deyil, dayoğlu deyil…
Hikmət rayon polis idarəsinin rəisi idi, polkovnik rütbəsini təzəcə almışdı, üç-dörd ay olardı, ya olmazdı, necə deyərlər, hələ paqonları par-par parıldayırdı, gün vurub bozartmamışdı… Qafurla birlikdə Qarabağ uğrunda ermənilərlə gedən döyüşlərin birinci mərhələsində iştirak etmişdi. Döyüş əməliyyatları dayandırıldıqdan sonra Qafur polis sıralarından çıxmış, Hikmət isə qulluğunu davam etdirmək üçün sistemdə qalmışdı.
Qafur qismən yaradıcılıqla məşğuldu, son vaxtlar xatirələrini, xüsusən də müharibə xatirələrini yazırdı. Başqa döyüşçü yoldaşları kimi Hikmətin də bundan xəbəri vardı. “Mənim də şücaətlərimi işıqlandır, gəl, kitabın çapına kömək edəcəm”, demişdi. Qafur da bundan xeyli fərəhlənmiş, neçə ildir dostluq, yoldaşlıq etdiyi Vaqifi də götürüb gecə ilə qatara minib Hikmətin polis rəisi işlədiyi rayona yola düşmüşdülər.
Düzdür, rayona çıxmazdan əvvəl zəng vurub əlaqə saxlamağı da unutmamışdı. Hikmət sadəcə “gəl” demişdi. İndi Qafurun uçmağa qanadı yox idi, axır ki, onun da işini bəyənən, dəstək duran tapılmışdı. Yoxsa o birilər kimi… hərə ağzını bir tərəfə tutub gileylənmişdilər. “Sənin də işin-gücün yoxdu deyəsən, oturub köhnə palan içi tökürsən… Vallah, buna görə heç kim sənə “sağ ol” deməyəcək…”
…Taksidə rahat otura bilmirdi, elə hey vurnuxurdu Qafur, elə bil iynə üstündəydi. “Yəqin ki, beş yüz manat verər… Polkovnik adamdır… Qəpik-quruşdan ötrü mənə o boyda yolu “gəl” deməzdi ki…” Qafur düşünür, özlüyündə götür-qoy edirdi. Vaqif də onun xasiyyətini yaxşı bildiyindən elə hey ürək-dirək verirdi. “Sən polisdə işləsən də onları yaxşı tanımırsan. Polislər pul hərisi olurlar. Qazanmaqda həris, xərcləməkdə xəsisdirlər. Sən heç olmasa min manat istə ki, o da beş yüz manat versin. Yoxsa beş yüz desən, heç üç yüz manat da ala bilməyəcəksən…”
-Yaxşı görək… Sən də səhər-səhər qara bağlama… Hikmət əlaçıq adamdı, çörək verəndi. Təkcə onun özündən yox e.., danışanda səsi gəldiyi telefondan da həmişə çörək ətri gəlir. Döyüşlər gedən vaxtı da beləydi. Həmişə bizə beş-on manat çörəkpulu verib deyirdi: “Uşaqlar, bu avansdı. Mənim işim çıxdı, bir kəndə düşüm, gəlirəm. Həm də yaman qaşınma tutub məni. Gedim çimim, paltarımı dəyişim, görüm nədir belə..? Siz mənim əvəzimə də postda durarsınız…” Növbədən qayıdan kimi də həmişə bizə qonaqlıq verərdi. Biz onda heç vaxt xəsislik görməmişik. Sağlıq olsun, indi özün də görəcəksən.
-Nə deyirəm ki..? Təki, sən deyən kimi olsun. Amma zamanı qarışdırma. O vaxt döyüşlər gedirdi, heç nədən adamın bədəninə üşütmə düşürdü, bit-birə yeyirdi, indi sakitçilikdir, əmin-amanlıqdır…
Onlar polis idarəsinin qabağına çatanda darvazanın ağzında yaşı yetmişdən yuxarı, saçları pambıq kimi dümağ olan arıq, uzunsov kişidən başqa heç kim yox idi. Vaqif taksi sürücüsünün bir manatını verib yola saldı.
-Sabahın xeyir, ağsaqqal. – Qafur kişini mehribancasına salamladı. – Hikmət müəllim gəlibmi?
-Aqibətiniz xeyir. – Kişi astadan onların salamını cavablayıb zəndlə baxdı. Bu sabah-sabah onların kimliyini müəyyənləşdirməyə çalışsa da bir şey anlamadı, amma yəqinləşdirdi ki, bura adamı deyillər, hər kimdilərsə, gəlmədilər. – Bir az olar gəlmişəm, deyirlər ki, Babayov hələ gəlməyib.
Qafur indi xatırladı ki, onu heç o vaxt da adı ilə çağırmırdılar, hamı Babayov deyirdi. Amma indi böyümüşdü, adlı-sanlı polis rəisi olmuşdu, havayı deyildi, polkovnik rütbəsini almışdı. Polis polkovniki olmaq hər kəsin hünəri deyil. Mənəm-mənəm deyən kişilər iyirmi beş il, otuz il polisdə can qoyurlar, ancaq polkovnik rütbəsinin həndəvərinə də düşə bilmirlər. Hikmət isə bunu bacarmışdı. Bacardığı kimi də insanların ona olan münasibətini əks istiqamətə çevirə bilmişdi. Bir vaxtlar yuxarıdan “Babayov” çağıranlar indi “Hikmət müəllim” deyib qabağına yüyürürlər, az qala əlini öpməyə çalışırlar. İndi hər adam ona “Babayov” kimi müraciət etməyə ürək eləməzdi. Qocanın belə diri-diri danışması Qafurun xoşuna gəlmədi, sifətini turşudub soruşdu:
-Xeyirdimi? Siz də onu gözləyirsiniz?
-Həə… Dünən oğlumu naxır otardığı yerdə tutub gətirib dama basıblar.
-Bilmirsən, nə üstündə?
-Heç nə… Adını qoyublar ki, Fatmanın sarı inəyini sağırmış.
-Elə isə… heç narahat olma. Hikmət müəllim yaxşı adamdır, ədalətlidir, gələr, kömək eliyər.
-Deyəsən… – Kişi tərs-tərs Qafuru süzdü, – siz onu yaxşı tanımırsınız…
-Nə bilim, biz də adını eşitmişik. – Vaqif Qafuru qabaqladı ki, ağzını Allah yolunda qoyub qurd-quran açmasın, başqa söz danışmasın, deməsin ki, bəs bağ belə, bostan belə… – Bir işlə bağlı gəlmişik, görək bizə nə kömək eliyəcək…
-Xudaya Pərvərdigara heç kimin işini ona salmasın, gavurun biridi. Babayov rəis gələndən sonra rayonda şərlənməyən başıpapaqlı qalmayıb. Beş-altı ayağısürüşkən qancığı tovlayıb tələyə salıblar. Mahalda kişi qoymayıblar. Beş dəyqənin içində qancıqları dirəndirirlər üzlərinə, tutub salırlar dama. Dərilərini soymayınca buraxmırlar.
Qafur yavaşca Vaqifin qoluna toxundu.
-Bir az aralaşsaq yaxşıdır. Bu səfeh qoca hələ çox sarsaqlayacaq. Hikmət müəllim də bunu tanımamış olmaz, gəlib bizi qocanın yanında görsə, yaxşı düşməz.
Sakitcə ikisi də yolun o biri tərəfinə keçdilər. Qoca da arif adamdı, dərhal bunu hiss edib susdu, daha heç nə demədi.
Rəisin maşını döngədən görünəndə düz ona on beş dəqiqə qalırdı. Qara “JEEP”də Hikmət qabaqda oturmuşdu, keçmiş qarnıyoğun kolxoz sədrləri kimi də sağ əli ilə yuxarıdan tutmuşdu. Tutmuşdu yox e, az qala qarnını saxlamaq üçün lap sallaşmışdı, amma Hikmətdə, deyəsən, qarın bir o qədər də böyük deyildi. Sol əlində telefon tutmuşdu qulağına, kiminləsə danışırdı. Bəlkə də elə belə tutmuşdu, heç danışmırdı. Qafur uzaqdan onu görən kimi tanıdı.
-Necə də yeyib şişib. Sifəti Qaradağ kubiki kimi dümdüzdür. – Vaqif Qafurun işarəsindən gələnin Hikmət olduğunu bildi.
-Maşallah olsun de! – Qafur təsibçəkənlik elədi. – Hardan tanıdın? Sən axı onu heç görməmisən…
-Sənin hərəkətlərindən tanıdım.
Darvaza dərhal açıldı və qara “JEEP” gəldiyi sürətlə idarənin həyətinə daxil oldu. Heç gözünün ucu ilə də darvaza ağzında dayananlara tərəf baxmayan Hikmət eləcə telefon qulağında maşından endi. Qapının ağzında dayanan növbətçi qabağına yeriyib məruzə etsə də rəis əhəmiyyət vermədi, görünür, kiminləsə çox vacib bir işlə bağlı şirin-şirin danışırdı.
Birdən nə oldusa sağollaşmadan cəld hərəkətlə telefonu aşağı endirib cibinə qoydu. Sağ əlinin içini üç dəfə öpüb gözünə sürtdü, alnına yapışdırdı.
-Gördün?! – Qafur sevincək dilləndi.
-Nəyi? Kimi? – Vaqif təəccüblə soruşdu.
-Doğrudan görmədin? – Qafur bir də soruşdu. – Səni dədəyin goru, görmədin?
-Yoox!!!
-Sən nə maymaq adamsan! Adam gərək dördgöz olmalı, ətrafında nə varsa, hər şeyi görməlidi.
-Görmədim də… Öldürəcəksən məni? Hələ bir utanmırsan, gora da and verirsən…
-Gözü kor olasan ki, belə mənzərəni görməyəsən! – Qafur şaqqanaq çəkib güldü. – Görmədin Hikmət necə əlini öpüb alnına qoyur, mərcan gözlərinə sürtür? Eşitməmisənmi, müdrik bir el məsəli var. Deyirlər sağ əl qaşınanda bil ki, pul gələcək. Dərhal öpüb alnına qoymalısan, gözlərinin üstünə sürtməlisən ki, pul əzizlənəcəyini görüb gəlsin, yoxsa, gəlməz.
-Həə, nə olsun!
-Necə yəni nə olsun? Sən belə şeyləri başa düşməzsən, ay yazıq, ömrü boyu quruca dövlət maaşına işləmisən. Sən axı kənardan qazanılan pulun dadını hardan biləsən. Geridəqalmış kəndçinin birisən…
Onlar sözləşincə Hikmət gözdən itib binaya daxil olmuşdu. Heç onlara əhəmiyyət də verməmişdi, görməyinə yəqin ki, görmüşdü. Neçə illərin təcrübəsini çiynində daşıyan polis rəisi kimi darvazanın ağzında dayananları nəzərdən keçirməyə bilməzdi.
-Zəng elə, yadına sal. İndi otağına keçəcək. Səhər-səhər qaymaqlı kofe içəcək. Sonra da bir müşavirə keçirə bilər. Sonra da… nə bilim… sonra… sonra… – Vaqif deyindi. – Biz heç yadına da düşməyə bilərik.
-Sənə dedim ki, səhər-səhər qara bağlama. Səni mən gətirmişəm, mən də qaytarıb aparacağam Bakıya. Mənimlə hara getsən ac qalmazsan. Qayıdanda da, heç qorxub eləmə, cibimdən də olsa qonorarını verəcəm. – Qafur arxayın-arxayın dilləndi.
-Nə deyirəm ki… təki, sən deyən kimi olsun.
On beş dəqiqə gözlədilər. Heç biri dinib danışmadı. Hikmətdən bir xəbər çıxmadı.
-Sənə deyirəm zəng elə. Böyük bir rayonun polis rəisidir, yüz işi, yüz problemi var. Elə bilirsən yadında qalmısan?
Qafur telefonu çıxardıb yığdı, qulağına tutub dinlədi. Zəng getdi… getdi… amma cavab verilmədi.
-Gördünmü? İndi də qaçıb gizlənəcək. Əvvəlcə telefona cavab verməyəcək, sonra da ümumiyyətlə telefonu söndürüb qaçıb gizlənəcək. – Vaqif yenə də deyindi.
-Nə danışırsan e… sən? İçəridə qalmayacaq ki! Nahara çıxanda özümü maşının qabağına ataram. Mənə də dəli Qafur deyərlər, üç yüz əlli kilometri havayıdan gəlməmişəm ki…
-Zəng elə. Bir də zəng elə, qoy dəng olub cavab versin.
Qafur əsəbi halda bir də zəng elədi. Bu dəfə zəngə dərhal rədd cavabı verildi.
-“Otboy” verdi! – Bu dəfə Qafur təəccüblə dilləndi, ən azından onun zənginə Hikmətin reaksiya verməsindən rahatlandığı hiss olunurdu. – “Deməli, xəbəri var ki, burdayıq, gözləyirik…”
-Bəs sən nə bilmişdin! Yaxınlaş giriş qapısına, bir də xatırlat. Qoy, xəbər veməyiblərsə, desinlər. Xəbər veriblərsə, bir də desinlər. Bəlkə yadından çıxıb! Bəlkə başqa işlərə başı qarışıb…
İkisi də birlikdə giriş qapısına yaxınlaşdı. Bayaqkı qoca kişi kiminsə qarasınca deyinirdi, Hikmət hələ ki, onu da qəbul etməmişdi. Qocaya əhəmiyyət verməyib növbətçinin pəncərəsinə yaxınlaşdılar.
-Bizim məsələmiz nooldu? – Qafur növbətçi serjantdan soruşdu.
-Məlumat vermişik. Köməkçi deyir ki, gedib nahardan sonra gəlsinlər. Hikmət müəllimin nahara qədər onları qəbul etməyə vaxtı olmayacaq. İndi təcili müşavirə keçirir. Bir azdan çıxacaq – Bakıdan general gəlir, onu qarşılamağa gedəcək.
Elə bu vaxt darvaza açıldı, idarənin UAZlarından biri xüsusi nəriltili səs çıxara-çıxara çıxış qapısına yaxınlaşırdı.
-Kiminsə evi yıxıldı… Kiminsə tifağı dağıldı. Əlqəmə BTR-lə kiminsə komasını uçurtmağa gedir. Allah, sən özün saxla, sən özün kömək ol… – Qoca deyinməyində idi.
Tüstüboğucunun nasazlığından UAZ-469 ZTR kimi nərildəyə-nərildəyə asta-asta darvazadan çıxıb yol ilə getməyindəydi. Qabaq oturacaqda, sürücü ilə yanaşı bir qırmızısifət polis kapitanı oturmuşdu. Gözlərində qara şüşəli eynək vardı. Telefon qulağında, siqaret də damağındaydı, – kefi kök görünürdü.
-Babayova pul lazımdır! – Qoca deyinməyində davam edirdi. – Bu şərəfsiz, atsifət Əlqəmə də onun qoç əsgəridi. Kim xoşhaxoşluqla gətirib pul vermirsə Əlqəməni qısqırdır onun üstünə.
Vaqif təəccüblə qocanı süzdü.
-Böyükləri deyirəm, idarə müdirlərini, bazarkomu, mağaza sahiblərini. – Qoca aydınlıq gətirdi. – Öz xoşları ilə hər ay hesabı gətirməyəndə Əlqəmənin broneviki işə düşür. Qancıqlarından birini götürüb üzə dirəndirir.
-Axı nə deyib üzə dirəndirir? – Vaqif inanmırmış kimi təəccüblə soruşdu.
-Əşşi, mən nə bilim nə deyir… Deyirlər işə düzəlmək üçün idarəyə getmişdim, müdir ələ saldı, əxlaqsız təklif elədi. Eh, nə bilim… elə bil heç bu zamananın adamı deyilsiniz…
-Kəndçisən ki, kəndçi. – Qafur Vaqifin qolundan dartdı. – Gəl bəri, özünü qocaya güldürmə.
Yenə də qocadan ayrılıb yolun o biri tərəfinə keçdilər. Birdən Hikmətin binadan çıxdığını gördülər. O, cəld addımlarla qara “JEEP”ə yaxınlaşdı və arxa oturacaqda əyləşdi. Darvaza taybatay açıldı və qara nər həyətdən çıxıb küçənin o biri tərəfinə yön aldı. Hikmət telefonu qulağına tutmuşdu, dodaqlarının hərəkətindən kiminləsə astadan danışdığı hiss olunurdu, heç onlar duran tərəfə baxmırdı da.
-Nə durmusan? Di özünü at da maşının qabağına… – Vaqif inadla təklif etdi. – Saxlatdır da maşını… Gör heç biz tərəfə baxır…
-Başın xarabdı? Görmürsən generalı qarşılamağa gedir? Maşını saxlatdırıb nə deyim?
-Nə bilim nə deyəsən. Heç olmasa özü saxlatdırıb bir söz deyəydi… Deyəydi ya gözləyin, ya gözləməyin… Nə bilim… nəsə deyəydi… Biz də işimizi biləydik…
-Yaxşı, hirslənmə, gəl gedək çayxanaya… İndi burda durmağın heç bir mənası yoxdur…
Polis idarəsindən aralanıb çox da uzaqda olmayan, yaşıl reklam lövhəsi göz oxşayan kafeyə getdilər.
…Gün ərzində bir neçə dəfə zəng vurdularsa da telefona cavab verən olmadı…
-Mənə də dəli Qafur deyərlər. Dədəmin oğlu deyiləm, bu gün burdan boş qayıtsam. Axşama qədər gözləyəcəm. Qəbul etdi, etdi, etmədi özüm gedəcəm yanına. Baxım, görüm onun polisləri mənim qabağımı necə kəsir… – Qafur lap qəzəbləndi, gözləri hədəqəsindən çıxdı.
Axşam saat altıya qədər, bəlkə on beş dəfə kafe – polis idarəsi marşrutu üzrə yolu arşınladılar, o baş-bu başa ölçdülər, nəticəsi olmadı. Səhərki deyinən qoca iki dəfə evinə gedib gəlmişdi.
Nəhayət, saatın əqrəbləri yeddinin yarısını göstərəndə Qafur Hikmətin nömrəsini bir də yığdı. Üçüncü fitdən sonra cavab verildi.
-Alo…
Səs o qədər zəif idi ki, Qafur elə bildi, quyunun dibindən gəlir. Odur ki, ucadan danışmağa başladı.
-Axşamınız xeyir, Hikmət müəllim. – Qafurun sifətinə bir təbəssüm qondu.
-Hikmət müəllim deyil, köməkçisidir. Eşidirəm.
Qafurun sifəti bozardı, tündləşdi, Vaqif hiss etdi ki, nəsə, yaxşı deyil.
-Biz… – Qafur sözünün gerisini deyə bilmədi, udqundu, rəngi-rufu qaçdı, halı pisləşdi. – Biz Bakıdan gələn yoldaşlarıq. Dünən özü ilə əlaqə saxlamışıq…
-Bir az gözləyin, özünə xəbər verim, görüm nə deyir…
Telefon əlaqəsi kəsildi. Beş… on… dəqiqə keçdi, bir xəbər çıxmadı… Qafur on beşinci dəqiqənin tamamını güc-bəla ilə gözləyib bir də zəng elədi. Zəngə cavab verən olmadı. Elə bu vaxt növbətçi serjant qapıdan çıxıb onları səslədi.
-Bakıdan gələn yoldaşlar sizsiniz?
-Bəli! – Qafur cəld cavab verib ona tərəf getdi.
-Bəs niyə demirsiniz? Bəs niyə tanışlıq vermirsiniz? Sizə görə Hikmət müəllim səhərdən bizi danlayır, ağzına gələni deyir…
-Necə deməmişik? Sübh tezdən gələn kimi məlumat vermişik. Gün ərzində bəlkə on beş dəfə qapıya yaxınlaşmışıq. Orda oturan serjanta demişik. – Vaqif də irəli yeriyib içəri baxdı. İstədi, şüşənin arxasında oturan totuqsifət serjantı göstərsin, baxdı ki, yerində yoxdur, orda başqa birisi oturub.
-Mənə heç kim heç nə deməyib. – Şüşənin arxasında oturan gənc serjant çiyinlərini çəkdi.
-Bəs kimə demisiniz? – Onları səsləyən serjant bir də soruşdu.
Vaqiflə Qafur bir-birinə baxdılar. “İşə bir bax! Bunları nə vaxt dəyişdilər?”
-Yaxşı, gəlin, keçin. Bir də belə eləməyin. Gələn kimi yaxınlaşıb məlumat verin. – Serjant onları borclu çıxartdı. – Hikmət müəllim sizi gözləyir.
-Bunlarda min sifət var, Qafur. Gördünmü, axırda özümüzü günahkar çıxartdılar. – Gedə-gedə dodaqaltı mızıldandı Vaqif.
-Deməli, bizim burda olmağımızdan Hikmət müəllimin xəbəri olmayıb. – Qafur dedi bunu.
-Onlar dedi, sən də inandın. Mənə kəndçi deyirsən, gör, özün necə sadəlövhsən… Onlar qəsdən növbətçiləri dəyişdilər, lap bazar alverçiləri kimi. Nəsə bir şey alırsan, xoşun gəlmir, sabah aparırsan dəyişməyə, görürsən ki, başqa satıcıdır. O da dik dirəşir üzünə ki, onlardan almamısan…
-Qəsdən dəyişməyiblər. Saat altıda növbə dəyişir. Köhnələr çıxıb gedib, təzələrə heç nə deməyiblər. Bax, belə ola bilər. İndi bunun heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, Hikmət bizi gözləyir.
Qəbul otağında yaşlı bir polis serjantı onları qarşıladı.
-Xoş gəlmisiniz! – dedi və rəisin qapısını göstərdi. – Buyurun, keçin!
Nəzakət xətrinə qapını döyüb içəri keçdilər.
-Booy, xoş gəlmisiniz! – Kresloda oturan polkovnik ayağa qalxıb qollarını açdı və onlara tərəf gəldi, hər ikisi ilə qucaqlaşıb görüşdü.
-Bu yoldaşı tanımadım…
-Vaqif də bizimkilərdəndi. – Qafur tanışlıq verdi. – Ermənilərlə dağın bir tərəfində biz vuruşurduq, o biri tərəfində Vaqifgil. Yadındadı, Tarix kişinin gəlinini zorlayıb, öldürüb atmışdılar qamışlığa. Cinayətkar dağın o tərəfindəki könüllülərə qoşulmuşdu ki, tapa bilməyək. Rəis məni göndərdi araşdırmağa, cinayətkarı tapıb gətirməyə. Bax, onda Vaqif mənə çox kömək elədi. Mərd oğlandı, elə o vaxtdan da dostluğumuz başlayıb.
Keçib əyləşdilər, hal-əhval tutdular. Ortaya çay gəldi. Hikmət peçenyeni ağzına basıb çaydan bir qurtum içdi.
-Qafur, inan inandığına, səhərki şirin çayın üstündəyəm. Heç olmasa, siz bir şey yemisinizmi?
-Hə, biz qarşı tərəfdəki kafedə nahar eləmişik, adama bir dolu qab borş yemişik. Bəs nə yaxşı siz bir şey yeməmisiniz? İndi də döyüş getmir ki, vaxtınız olmasın. Canınıza niyə qəsd edirsiniz? – Qafur canıyananlıq elədi. – Mədədən muğayat olun, ac saxlamayın.
-Vallah, bu gün heç vaxtım olmayıb, bütün günü ora-bura qaçmışam. Həm də… polisi bilmirsən… gərək pul gələ ki, iştah da açıla… Cibə pul girmədi, öldür, boğazımdan tikə keçməz…
“Nə havayı yemək ola, görüm loxma-loxma tıxırsan, ya yox!” Vaqif özlüyündə düşündü.
-Biz də səni deyib gəlmişik. – Qafur mətləb üstünə gəldi.
-Bəs kitab hanı?
-Kitabı yazmışam, hazırdı. Pul lazımdır ki, verək, çap eləsinlər.
-Heç olmasa, qaralamasını gətirərdin, görərdim məndən nə yazmısan…
-Arxayın ol. Hamının döyüş fəaliyyətini yaxşı yazmışam, yüksək səviyyədə qiymətləndirmişəm.
-Vallah, üstümdə bir manat da olsun, pulum yoxdur. Səhərdən cibimə bir manat pul girməyib. Oturun, birlikdə gözləyək. Bəxtinizi çağırın, görək, nə çıxır. Nə olsa, hamısı sizindir.
Hikmət bunu deyib ciddiləşdi, üzbəüz stuldan qalxıb kreslosuna keçdi. Qarşısındakı kompyuterin monitoruna diqqətlə göz gəzdirib düyməni basdı. Köməkçi dəstəyi qaldırdı.
-Bəli. – Selektordan səs gəldi.
-Orda məni kim gözləyir?
-Mirzəyevdi.
-Nə istəyir?
-Bakıya getmək üçün üç günlük icazə istəyir.
-Bakıya?
-Bəli. Ailə vəziyyəti ilə əlaqədar…
-Gəl, görüm nə məsələdi…
Qapı açıldı. Bayaqkı yaşlı serjant əlində kağız içəri keçdi. Düz rəisin yanına getdi. Əlindəki kağızları masanın üstünə qoydu.
-Rəis, mənə deyib, vacib lazımdır. Mirzəyev Bakıya getməlidir – ailə vəziyyəti ilə əlaqədar. Köməkçi “ailə vəziyyəti ilə əlaqədar” sözünü xüsusi vurğu ilə elə dedi ki, sanki Mirzəyev bu gecə Bakıya getməsə, tufan qopacaq, aləm bir-birinə qarışacaq, dünya dağılacaq.
-Axı nə məsələdir? – Hikmət ciddiləşdi.
-Soruşmadım. Eləcə ailə vəziyyəti ilə əlaqədar deyib.
-Gərək soruşub öyrənərdin. Nədi? Anası ölüm ayağındadı? Zarıncı qalıb, oğlunu görməyincə can verə bilmir?
-Bilmirəm…
-Yoxsa arvadı xərçəng xəstəliyinə tutulub, səhər əməliyyat olunmalıdır? Bəlkə Mirzəyev həkimlə bərabər əməliyyata girməyə gedir? Gedir ki, bıçağı həkimdən alıb arvadını özü əməliyyat eləsin?
-Bilmirəm, rəis. Mirzəyev ancaq bunu deyib, mən də sizə çatdırıram. – Köməkçi növbəti dəfə günahkar uşaqlar kimi yazıq-yazıq dilləndi.
-Nə deyirəm ki… amma bilməliydin, gərək soruşub öyrənəydin. – Rəis qolundakı saata baxdı və sifət cizgiləri dəyişdi, deyəsən bir az mülayimləşdi. – Lazımdı, deməli lazımdı… – Rəis qolundakı saata baxdı. – İndi on doqquz on doqquzdu. Qatar Bakıya saat iyirmi üçdə yola düşür. Üç saatdan artıq vaxt var. Çıxsın Quzanlı yoluna, alverçilərin şəhərdən qayıdan vaxtıdı. Üçcə yüz manat pul gətirsin, məzuniyyət vərəqini verib yola salarsan.
-Deyim, görüm nə deyir. – Köməkçi otaqdan çıxdı.
Təxminən iki-üç dəqiqədən sonra geri qayıtdı. Bu vaxt ərzində üçü də gərginliklə köməkçinin cavabını gözlədilər, heç biri dinib danışmadı.
-Dedim. – Köməkçi qeyri-müəyyən cavab gətirdi. – Çiyinlərini çəkdi. Dedi ki, yola çıxmağına çıxım. Həddim nədi rəisin əmrini yerinə yetirməyim, amma gedim, görüm nə edə bilərəm.
Hikmət sevincək sənədləri imzaladı, möhür vurub köməkçiyə uzatdı.
-Göstər, qoy ürəkli hərəkət eləsin.
Köməkçi sənədləri götürüb otaqdan çıxdı.
-Bax belə! – Hikmət əlindəki qələmi qələmdana qoydu, sonra sağ ovcunu üç dəfə öpüb gözlərinə sürtdü, lap səhər elədiyi kimi. – Qismətinizdə bir şey varmış. İndi sizin də işiniz düzələr, mənim də… Deyirəm axı… əlimdən pul iyi gəlir.
Hikmət gülə-gülə kreslodan qalxıb bayaqkı yerinə qayıtdı. Peçenyeləri iştahla yeməyə başladı. Soyuyub buza dönmüş çayını hortahortla içdi.
-Hə, danışın görək, şəhərdə daha nə var, nə yox…
Bir saata yaxın sakit-sakit söhbət elədilər. Arada Hikmət telefon zənglərinə cavab verir, sonra yenə də söhbətə qoşulurdu. Qafurun ürəyi açılmışdı, dəxli oldu, olmadı, ağlına və ağzına gələn nə vardısa, hamısını danışırdı. Birdən rəisin əl telefonuna mesaj gəldi. Hikmət mesajı oxuyan kimi sifət cizgiləri dəyişdi, tez ayağa qalxdı.
-Evdəndi, təcili çıxmalıyam. Siz bayaq oturduğunuz kafedə oturub gözləyin. Köməkçiyə tapşıracam, sizi yola salacaq.
-Qatara gecikmərik ki? – Vaqif narahat-narahat soruşdu.
-Rayon yerində ucuzluqdu. Hansı taksiyə bir manat versəniz, aparıb qatara çatdıracaq. Bakıya baxmayın, rayon yerində pul yoxdur.
Sağollaşıb ayrıldılar.
Vaqif narahatçılığından bilmirdi neyləsin. Daha dinib danışmağın heç bir mənası yox idi. Gözləməkdən başqa çıxış yolu qalmamışdı.
Kafedə çay içib gözlədilər. Təxminən iki saatdan sonra növbətçi serjant qaça-qaça gəldi.
-Hardasınız? Köməkçi səhərdən sizi axtarır.
Qafur qabaqda, Vaqif onun arxasınca iti addımlarla polis idarəsinin giriş qapısına gəldilər. Köməkçi göy rəngli “Niva” maşınında oturub onları gözləyirdi. Qafurla Vaqif gəlib çatan kimi maşından düşdü.
-Əyləşin, sizi vağzala çatdırım. Qatara gecikərsiniz.
Yolboyu heç biri dinib danışmadı. Köməkçi dəmir yolu vağzalında onları maşından düşürdü və cibindən konvert çıxarıb Qafura uzatdı.
-Buyurun! Bu da sizə çatacaq.
Köməkçi bunu deyən kimi sağollaşıb getdi.
-Tez elə, aç görüm, neçədir? – Vaqif Qafuru dümsüklədi.
-Kəndçisən ki, kəndçi. Bir imkan ver, köməkçi çıxıb getsin. Dönüb arxaya baxar, deyər görməmişdilər.
-Elə onun yanında baxmaq lazımdı. Mən hiss edirəm ki, biz dediyimiz kimi deyil.
-Yaxşı, görək.
-Aç! Köməkçi getdi, özü də günahkar adamlar kimi arxaya baxmadan getdi.
Qafur konverti açdı.
-Heç rəis dediyi kimi də deyil! – Qafur təəssüflə dilləndi, elə bil başına bir polis dəyənəyi ilişdirdilər.
-Bəs kim dediyi kimidir? İki yüz manatdır? – Vaqif səbirsizliklə Qafuru tələsdirdi.
-Yoox! – Qafur sızıldadı. – Yüz manatdır.
Qafur bunu deyib konvertdən sarı əlli manatlıq əskinası çıxartdı və əli əsə-əsə Vaqifə uzatdı.
-Elə buu?! – Vaqif ucadan soruşdu.
-Yox. Biri də var… – Qafur mızıldandı.
Vaqif pulu alıb iylədi.
-Bəs deyirdin puldan çörək ətri gəlir… Bundan heç kağız iyi də gəlmir…