Əlabbas Bağırov

Fikirlər Xatirələr

Qara Maraşa gəlməm daha

(Abdülkadirin əziz xatirəsinə)

 

Son illər hər səhər gözümü açdıqda ilk işim telefona əl atmaq olur. O günüm də (06.02.23)  elə başladı. Xəbərlərdə Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verdiyini, 13 milyon əhalinin yaşadığı Diyarbəkir, Qəhrəman Maraş, Adıyaman, Malatya, Hatay və ətraf bölgələrdə çox ciddi  dağıntı, ölən və yaralananlar olduğunu bilən kimi düşünmədən  Abdülkadirin  nömrəsini yığdım.

Zəng çatır,  cavab yoxdur… İraq candan, deyirəm, bir şey olsaydı, yəqin, telefona da zəng çatmazdı. Səs də göndərirəm ki, imkan tapan kimi cavab versin. Niyə belə ağciyərəm axı, o saat pis tərəfini düşünürəm, nə olub,  dünyanın axırı-zadı deyil ki? Amma oğul istərəm titrlərdə keçən o rəqəmi  təkrar-təkrar görə və deyə mən dəhşətə gəlmədim. Varmı elə biri görəsən? Olsa-olsa bu, dünyadan bixəbərlərin işi olar.

Oyuncaq evlər kimi çökmüş binalar, dağıntı, toz-duman, haray-həşir içində hara gəldi qaçışan başılovlu adamlar, atılıb qalmış kimi görünən hərəkətsiz maşınlar, bir sözlə, yerlə yeksan olub xarabazara dönmüş iri şəhərlər faciə miqyasının böyüklüyü ilə bərabər, bircə anda  7,7-ni də nəzərimdə dünyanın ən qorxunc   rəqəminə  döndərir. Növbəti xəbər lentində yüzlərlə insan tələfatı keçən məlumatlar  və acı gerçəkləri ard-arda  gözlər önünə sərən  tablolar bir-birini  əvəz etdikcə hər on nəfərdən azı yeddisinin həyatını itirdiyi ilə bağlı uzun illər təsəvvürümdə formalaşmış fikirlər də sanki öz-özünə və durmadan  yenilənir.

Bu dəfə nömrəni əllərim əsə-əsə yığıram və Allaha yalvarıram ki, kaş telefonun o başından bircə dəfə Abdülkadirin səsi gələ, deyə, sonra danışarıq, dayı, baş qarışıqdı, vəssalam, başqa heç nə istəmirəm.

Yenə yığıram… Yenə zəng çatır,  cavab yoxdur… Bu dəfə Eyvazı, Aslanı arayıram. Qüssə içində “ürəkaçan bir xəbər yoxdur” cavabı gəlir.  İstanbuldan dostumuz Şərəf Yılmazı axtarıb tapıram. O da onlar kimi…  Hiss edirəm ki, qəfil xəbər hamını eyni cür sarsıdıb.  Aramsız zənglərdən sonra Eyvaz,  Abdülkadirin İstanbulda yaşayan böyük qardaşı  Akifi tapır. O, yolda olduğunu, Maraşa getdiyini söyləyir, onu da deyir ki, orda Maraşda ilk çökən bina onlarınkı olub. Bəli! İlk çökən bina! Altı üstünə gələn bina! Dördnəfərlik Özkanlar ailəsinin çoxdan yuva saldığı bina!  Xəbər Qəhrəman Maraşı nəzərimdə bircə anda Qara Maraşa döndərir. Məlum olur ki, 30 mindən çox əhalisi olan şəhər bircə anda yer üzündən silinib.  Abdülkadirlə birlikdə atası, anası, bacısı və qonşu binada yaşayan qardaşı da (dördnəfərlik ailəsi ilə) qara torpağın yeddi qatına gömüb.

Çox qəribədir, hətta ən çarəsiz anlarda belə ümid Allahdan üzülmür. Deyirsən bəs hardasa bir işıq ucu var. Mən də elə elədim, Aləmlərin Rəbbinə  əl açdım,  dostum üçün aman və əfv  dilədim. Nə də kəsilsə, ümid  Allahdan kəsilməz, dedim, atəşin yandırmadığı İbrahimi, bıçağın kəsmədiyi İsmayılı,  quyunun boğmadığı Yusifi dardan qurtaran Kişi Abdülkadiri niyə qurtarmasın?  Günahsız körpələri tərtəmiz üzünə, məsum gözünə xatir bağışlayan Allah bu safqəlbli qələm dostumuzu nədən əfv etməsin? Beş qarış torpağı yüzlərə, minlərə bir göz qırpımında məzar edən  də Odur,  özünə əlli il qabaqdan məzar yeri alana rüsxət verən də! Mən istəyən nədi axı, ey Uca və Mərhəmətli Allah, öz böyüklüyün xatirinə məhəbbətini, rəhmətini, sevgi və şəfqətini  öz bəndələrindən əsirgəmə! Dostumuza nicat ver!

O dəqiqələrdə hər şeyə, hər möcüzəyə  inanırdım, bircə vaxtın tamam olmağına,  qəfil əcəlin qapını kəsməyinə, namərd fələyin üzünün büsbütün dönməyinə yox. Tarixə, bəlkə də, əsrin ən böyük faciəsi kimi düşən Maraş zəlzələsində hər cür möcüzə baş verdi,  ailəlikcə qurtulanlar oldu, səkkiz, doqquz, hətta on gündən sonra da uçqunlar altından sağ qalanlar tapıldı, bircə Abdülkadir möcüzəsi olmadı… Barı Şükran xanım möcüzəsi olaydı. Bədbəxtlikdən o da olmadı…

Fb-də “Abdülkadir, heeyyyyy…” xitabı ilə başlayıb “Məni arama, dayı, əcəl aldı, yer gizlədi” cavabı ilə bitən paylaşımım barışmaq istəmədiyim o acı xəbərin içimdə amansız bir təlatüm yaradıb, tufanlar qoparan  sarsımış anımdakı  ilk nidası idi. Nə acılar ki, dünya binnət olandan insan İlahi qüdrətin qarşısında həmişə  aciz, çarəsiz və tavansız olub.  İllah da ölümə qəfil yaxalananların Tanrı qəzəbinə tuş gəldiyini dinməz-söyləməz qəbul edib də ümid və xəyallarının həmişəlik dəfn olunduğu ilə barışdığın  bir məqamda!

Tək qohumlarımdan başqa, elə adam qalmadı, zəng vurub soruşmasın, kimdi axı bu Abdülkadir?

1990-cı ildə zəlzələnin episentri olan Qəhrəman Maraşda dünyaya göz açmışdı o. “Elbistan Masalları” (2017), “İsimsiz Sesler” (2019) kimi hekayə kitablarının, həm Türkiyə, həm də Azərbaycanda ilk oxucusu olmağımla fəxr etdiyim “Çeyrek mafiya” (2020) adlı romanın və saysız-hesabsız natamam yazının müəllifi idi. Hiss etdiyim qədər, Azərbaycan ədəbi mühitində onu daha çox günümüzün müəlliflərindən Zahid Xəlil, Eyvaz Zeynalov, Aslan Quliyev, Firuz Mustafa, Azad Qaradərəli, Arif Ərşad, Eyruz Məmmədov, Qalib Şəfaət kimi prozaiklərin tərcüməçisi kimi tanıyırdılar.  Ola bilsin bu qisim çevirmələri şəxsi tanışlıq hesabına  yaranan  “ədəbi əlaqə” kimi   qəbul edənlər də var.   Amma faktlar ayrı şey deyir. Bütün türk dünyasında tanınan sanballı “Təmrin” ədəbi dərgisinin azərbaycanlı  müəlliflərə (Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Anar, Zahid Xəlil, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev,  Eyvaz Zeynalov, Əlabbas və digərləri) həsr olunmuş buraxılışlarının materiallarını türkdilli oxuculara   böyük sevgi ilə tanıdan məhz Abdülkadir Özkan olmuşdu. İki qardaş xalq arasındakı qaynar ədəbi prosesə son illərdə onun məxsusi bir rəng qatdığı gün kimi aydın idi. Xüsusi olaraq vurğulayım ki,  272 səhifəlik, sanballı “Günümüz Azerbaycan öyküsü” (2020) almanaxına daxil olan otuzdan çox nasirin əsərini çevirməklə Əli Yavuz Akpınar, Əhməd Bican Ərcilasundan sonra  Yusif Gədikli, Fəthi,  İmdat Avşar, Sədat Adıgözəl, Arif Acalov, Mais Əlizadə və digərlərinin başlatdığı irimiqyaslı tərcümə işinə Abdülkadir  tək  yeni nəfəs gətirmədi, həm də bu cavan yaşında öz əlləri ilə Türkiyə–Azərbaycan arasında daha böyük bir pəncərə açaraq əsl fədakarlıq nümunəsi ortaya qoymuş oldu. Bu işə həvəskar kimi başlasa da, sevdiyi işə məhəbbət az müddət ərzində onu xüsusi xidmətləri olan peşəkar tərcümana çevirdi.

Adı yuxarıda çəkilən nasirlərimizdən başqa,  müasir ədəbiyyatımızın İsi Məlikzadə, Əfqan, Əkrəm Əylisli, Anar, Elçin,  Qəşəm İsabəyli, Afaq Məsud,  Çingiz Abdullayev, Qəşəm Nəcəfzadə, Elçin Hüseynbəyli, Fəxri Uğurlu, Vahid Qazi, Xanəmir Telmanoğlu, Qurban Yaquboğlu, Mübariz Cəfərli, Natiq Məmmədli, Alik Nağıoğlu,  Şərif Ağayar,  Zərdüşt Şəfizadə, Təranə Musayeva, Zümrüd Yağmur, Narıngül Nadir, Mirmehdi Ağaoğlu,  Güntay Gəncalp, Svetlana Turan, Günel Eminli, Sevinc Nuruqızı  və digərləri kimi qələm sahiblərinin  əsərini də sevə-sevə türkcəyə qazandırması Abdülkadirin  bədii zövqü, əsər seçimi və tərcüməçi duyumu barədə bəs qədər söz deməkdən əlavə, məqsəd və hədəflərinin də nə qədər böyük olduğunu  göstərirdi. Bir kitabçı olaraq gənc dostumuzun kimliyini fərq etməmiz üçün onun öz dəst-xətti ilə yazdığı dördcümləlik  yığcam annotasiya tam yetərlidir: “Çağdaş Azerbaycan edebiyyatından otuz tane öyküyü Türkçeye kazandırdıq. Bu yazarlar günümüzde edebi hayatlarına devam eden modern öykü yazarlarıdır. Elinizdeki kitapta Azerbaycanın şehirlerine, köylerine kahramanların gözünden seyahat edecek, Azerbaycan kültürünü yakından tanıyacaksınız. Çağdaş Azerbaycan öykülerini zevkle okuyacağınızı  düşünüyoruz”

Belə yerdə gəl də inan ki,  o cür qaynar təbin, sönməz ilhamın, bitmək bilməyən enerjinin sonu belə erkən və faciəvi şəkildə  bitməliydi. Amma bitdi, şəxsən mənimçün bitdi.  Xüsusən də onda  ki, gözü, könlü, qulağı Türkiyədə qalan qızlarım xəbəri eşidib gəldilər, oğlum, gəlinim, ağılları kəsən nəvələrim yığışdılar, biri çiynini qapıya söykəyib xısın-xısın ağladı, o biri boynumu qucaqlayıb göz yaşı tökdü. Necə ki, təziyə yiyəsinə edərlər,  eləcə  başsağlığı verdilər mənə. Böyük kimi, yaxın  adamını itirən kimi, yas sahibi kimi… Onda bildim ki, heç gözləmədiyim halda Abdülkadir ailəmizin qəlbində abır-həyası, insanlığı, tərbiyəsi, mərifəti və  mədəniyyəti ilə özünə necə möhkəm yer eləyib. Çünki o dostluğun gözünə məhəbbət və təmənnasız sevgi  qarışmışdı, başqa səbəb yox.

O gecə o acını paylaşa-paylaşa xatirələrimizi bölüşdük, hərə qiyamət yaşanan yerlərdən son günlər  eşitdiyi, dinlədiyi, oxuduğu, gördüyü səhnələrdən vahiməli halda, qəmgin-qəmgin söz açdı. Abdülkadirin neçə il əvvəl qapımızı ilk dəfə açanda gətirdiyi “Quran”ı oğluma, anasının adından hədiyyə etdiyi qızılgül ətirli şərfi isə utana-utana bibi dediyi yoldaşıma bağışladığı  dəqiqələri bir daha  yada saldıq,  nəvələrimlə, özümüzlə çəkdirdiyi şəkillərini smartfonun, kompüterin yaddaşından tapıb çıxartdıq, ruhuna fatihə bağışlayıb, Allahdan rəhmət dilədik. Həm də tək Özkanlar ailəsi üçün yox, tək ürək olan cəmi türk milləti və zəlzələ qurbanları üçün…

Özündən geriyə işıqlı xatirələri qalan oğlan! Hələ də dərk edə bilmədiyim hikmətlər içərisində daha biri var: sən beləmi tərk etməliydin dünyamızı? Həm də öz gücünü təzə-təzə dərk etməyə başladığın bir vaxtda?  Haqqında Türkiyə mətbuatında geniş bir tanıtım yazısı ortaya qoyub da haqq etdiyin yeri qələm və könül dostlarımıza, səni sevənlərə göstərməyə  hazırlaşırkən vida yazısı nə demək? Ədalətsiz dünyamızın bir gerçəyi də bu: kimsə qəfil əcələ harda yaxalanacağını bilə bilməz! Sən cümlə insanlara ölümün gözlə qaş arasında olduğunu anlatdın. Dünyanın  bir sapla göydən asılı olduğunu yada saldın. Ölümün həmişə ölüm yox, bəzən zülüm olduğunu da  görk elədin.  Bunda da bir ibrət, bir dərs var, ey insanlar, dedin!

Sənin bizdə parlaq xatirən, saf qəlbindən qopub gələn unudulmaz gülüşlərin,  utancaq  səsinlə bərabər, həm də  sizin,  qardaş-bacı olan  Abdülkadirlə əziz Şükran xanımın  daha bir yadigarı var: böyük sevgi və məhəbbətlə türk dilinə birlikdə qazandırdığınız “Eski adam və digər öykülər” kitabının beş yadigar nüsxəsi!  Mən onu, toplunun  üz qabığındakı  o şəkli – izzətli Şükran xanımın əl işini hələ o vaxt (2020) sevginin rəsmi kimi qəbul etmişdim. Hər ikiniz xatirimizdə təmiz qəlbli, geniş ürəkli, deyib-gülən, həyata sevgi dolu insanlar,  yaradıcı gənclər, Azərbaycan ədəbiyyatının və xalqının dostu kimi qalacaqsınız.

Qəhrəman Maraşa  kitab fuarına yox, yalnız bir halda – toyuna gələcəyinə söz verdiyim Abdülkadir! Sənə və nakam balamız Şükran xanıma vəfa borcumu yerinə yetirə bilmədiyimdən çox üzgünəm, çox.  Yeriniz Tanrı dağları olsun. İşıqlar içində uyuyun.

Bilmirəm, heç olmasa indi, qəbir evi dost könüllərində bərqərar olan Abdülkadirlə Şükran xanımın işıqlı xatirəsini ehtiramla yad etdiyimiz bu səksəkəli günlərdə haqqım çatarmı ki deyim, ya Xudavəndi-aləm, sırasında mənim də iki əziz və unudulmaz  dostum olan zəlzələ qurbanlarını  şəhid olaraq o Ali hüzuruna qəbul eylə!  Yalvarıram Sənə, ya Qadir Allah, Sən bilirsən nə olacağını. Hər şeyə Sən qadirsən. İzzəti-cəlalın xatirinə,  öz yaratdıqlarını, sadiq qullarını bir daha qəfil fəlakətlə, bu cür  imtahana çəkib  bizi Səndən umud kəsənlərdən eləmə.

Amin!

15 fevral 2023