Ələkbər Salahzadə

15 Mart – Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi şair Ələkbər Salahzadənin doğum günüdür.
Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. “Azərbaycan” jurnalının ədəbi işçisi, “Tərcürmə saatı” radio jurnalının redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), “Gənclik” nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), “Qobustan” jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. İlk nəşr olunan kitabı “Beş yarpaq” (1968) oımuşdur. Sonralar müxtəlif illərdə bir çox şeirlər kitabı “Od hevkəli” (1970), “Gözlər baxır dünyaya” (1979), “Xatirə çiçəyi” (1982),
“Yerimiz bir, göyümüz bir” (1986), “Od odası” (1989), “Yanıltmaclı əlifba” (1995), “Xocalı xəcilləri”, 2006), “Vaxt vadisi”(2007), “Mikayıl Müşfiqin monoloqu”(2008) və s. nəşr olunmuşdur.
Bədii tərcümə ilə də ardıcıl məşğul olmuş, əsərləri bir çox xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. “Kölgədən qorxan” (1983) Şəki, “Yayın qış gecələri” (1985) Sumqayıt, “Nağaraçı naxırçı” (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.