Əbülfəz Əhməd, şeirlər

DAYAZLIQ

 

Ürəyin qanıyla cümlə suvardım,

Bəlkə şirin ola, bir az da yazam.

Görmürsən ilhamım lap üzdən vurur

Dəhnədən sısqayam, bir az dayazam.

 

Sən gələn səltənət könül taxtıdır,

Çoxunun umduğu tale, bəxtidir.

Deyəsən ömrümün xəzan vaxtıdır,

Bir az baharım ol, bir az da yazım.

 

Çoxdandır yanımda gül qoxumursan,

Şirin kəlmələrlə söz toxumursan.

Yazılan məktubu heç oxumursan,

Düzüb dalbadala, bir az da yazım?

 

Mən səni aradım tül biçimində,

Gülüstan içində gül biçimində.

Başıma ələnən kül biçimində,

Bir az çoxum oldu, bir az da azım.

 

Əbülfəz deyəni söyləyim sənə,

Mətləbdən yayınma, mələyim, yenə!

Mən sözü bitirdim, nə deyim sənə,

Qəlbini oxşasa bir az da yazım…

 

QAYIDIR

 

Yurdumuzu viran qoyan qonşular,

Bizdən qabaq evimizə qayıdır.

 

Deyirdik ki, duzu yoxdu çörəyin,

İndi haram duzumuza qayıdır.

 

Yad ellərin namusdan bixəbəri,

Məsum-məsum qızımıza qayıdır.

 

Əksərimiz fil qulağı yuxuda,

Gözəl dövran röyamıza qayıdır.

 

Bircə nəfər yanlış görsə işini,

Babal bizim yüzümüzə qayıdır.

 

Bütün bunlar neqativin məhsulu,

Mübarizlik ruhumuza qayıdır.

 

Üstündəki torpaq qatın qaşısaq,

Qoca tarix imzamıza qayıdır.

 

Biz can kimi qorumasaq Vətəni,

Ana torpaq üzümüzə qayıdır!..

 

ŞÜKÜR

 

Ulu tanrı, dərgahına şükürlər,

Bizə nə vermisən yaxşısınnandı!

Yollar bizi imtahana çəkirlər,

Çox şükür, bu bəndən yaxşı sınandı.

 

Səltənət sənindir, kim danar bunu,

Kimi cənnət sanar, kimi nar bunu.

Sənin hər bir yerdə var olduğunu,

Anlayan bəndələr yaxşısınnandı.

 

Nadan anlamaz ki, hər nəyi versən,

Önünə dünyanın malını sərsən.

Sənə lazım olan neməti bilsən,

Yaxşı can sağlığı, yaxşısı nandı.

 

Günahkar tövbəylə günahın yudu,

Bizdən uzaq elə cəhənnəm odun.

Dilimdə, könlümdə olanım budu,

Əbülfəz duanın yaxşısın andı.

 

YAXŞI…

(təcnis)

 

Dədə-baba üç istək var kişidə,

Yaxşı bir ev, yaxşı bir at, yaxşı yar.

Cənnətini bu dünyada yaşayar

Hansı bəxtə qismət olsa yaxşı yar.

 

Bir qəlbə könül ver, bir qəlb isinə,

Yetərsən sevdanın ən qəlbisinə.

Aşıq üz çevirdi yar qibləsinə,

Qismətinə çıxa bəlkə Yaxşı, yar.

 

Bu tarixdə çox da getmə dərinə,

Çox sevdalı həsrət biri-birinə.

Buralarda yaxşı dediklərinə,

Dünya qopar ürcah olsa yaxşı yar?

 

FƏRQ

 

Fərq,

nə Əlinin papağında deyil,

nə də Vəlinin papağında deyil.

Dəyişəsən işlər çözülə…

Fərq,

hər yekə başın

yaxamızı buraxmayan

təfəkkür darlığındadır,

sıyrılmasaq,

işlər çətin düzələ…

***

Yanacaq-sürtkü materialı kimi,

ən çox aşınmış, yeyilmiş

yerlərə sürtülən dostum var

adamlar arasında.

Elə uyğun gəlir ki,

idarəetmədəki çatlara,

boşluqlara

şıppıltıyla elə dürtülürlər ki, ora

bəlkə Allahın bir əmri

onları ordan

qopara…

 

NƏ DEYİM, VALLAH…

 

O gün elan oxudum, ehtiyac var işçiyə,

Tez yır-yığış eləyib, mən də çıxdım küçəyə.

Gəlib ərizə verdim, elan olan guşəyə —

Dedim işə alın Siz elandakı peşəyə,

Soruşdular ingilis nə söyləyir eşşəyə?

 

Öz dilimi bilməyim yaramadı işimə,

Vətən boyda bir qəhər doldu mənim içimə.

Səndən mühəndis olmaz, yeri fəhlə işinə —

Hər nə desəm layiqdi, bu manqurta, küçüyə,

Mən nə bilim ingilis nə söyləyir eşşəyə?

 

Bizim dildə eşşəyin, türlü-türlü adı var,

Yurdumun hər yerində, boy veribdi sıpalar.

Yenə eşşək olacaq, böyüyəndə qoduqlar —

Mən də ulaq sayaraq, çox minmişəm eşşəyə,

Hələ bilməm ingilis, nə söyləyir eşşəyə?

 

Dədəm, babam bilirəm, “danqı» deyib qanmaza,

İndi sivil ”danke»lər gəlib bizi saymaz a!

Dilin belin qatdayıb, salmışıq bir çıxmaza —

Quruyubdu ağzımda, az qalır ki,tövşüyə,

Mən nə bilim ingilis nə söyləyir eşşəyə?

 

Yurdu taybatay açdıq, irişənə, gülənə,

Qonaq bizdə əzizdir, söylədik hər gələnə.

Milyonları sovurduq sarı saçlı gəlinə —

Nədi-nədi bir dəfə uzanacaq döşəyə,

Mən nə bilim ingilis nə söyləyir eşşəyə?

 

…Bir vaxt möhtac olmuşduq bir “net’inən bir “yes’ə,

Rus dilin bilməliydi kim işləmək istəsə.

Dedik ta müstəqilik milli dildə səs-səsə —

Kimlər vermək istədi, qandal vurduq dilçəyə,

Mən nə bilim ingilis nə söyləyir eşşəyə?!

Sən get özündən soruş, nə söyləyir eşşəyə.